Avtomobillərin utilizasiyası fondunun köhnə maşın sahiblərinə nə faydası olacaq...
Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır.
Maraqlıdır, adıçəkilən fondun yaradılmasının nə kimi faydası olacaq və hansı mexanizm əsasında fəaliyyət göstərəcək?
Aslan Əsədov: “… gələcəkdə nəqliyyat vasitələrinin cavanlaşdırılmasında və bu kimi işlərin görülməsində böyük rolu olacaq”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması gələcəkdə nəqliyyat vasitələrinin cavanlaşdırılmasında və bu kimi işlərin görülməsində böyük rolu olacaq: “Nəzərə almaq lazımdır ki, elə nəqliyyat vasitələri var, artıq ömrünü başa vurub, lakin hələ də istismar edilir. Belə nəqliyyat vasitələri öz sürücüsünə belə təhlükəli anlar yaşada bilir. Köhnə nəqliyyat vasitələri ekologiyaya da zərər vurur. Bu kimi problemlərə son qoyulması üçün nəqliyyat vasitələrinin utilizasiyası olduqca əhəmiyyətlidir”.
Həmsöhbətimiz hesab edir ki, məlum sərəncamın özünəməxsusluğu kifayət qədərdir. Gələcəkdə bunun faydaları çox olacaq.
Ərşad Hüseynov: “Köhnə, ucuz avtomobilər utilizasiyaya gedəndə onlara birdəfəlik güzəşt ediləcək”
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, utilizasiya fondunun mənbələrindən biri də nəqliyyat vasitələrinin sahiblərinin fonda ödəyəcəyi utilizasiya haqqıdır: “Ödənişin nə qədər olması yaxın 3-4 günə Nazirlər Kabineti tərəfindən müəyyən olunar. Düzdür, rəqəmlər açıqlanıb, lakin həmin rəqəmlər rəsmi deyil. Utilizasiya avtomobilin istehsal ilinə görə fərqli ola bilər. Böyük rəqəmlər də gözlənilmir. Köhnə, ucuz avtomobilər utilizasiyaya gedəndə onlara birdəfəlik güzəşt ediləcək. Güzəştin məbləği Utilizasiya Fondundan ödəniləcək”.
Günel CƏLİLOVA