İrəvanın həqiqi tarixi ilə bağlı dərslik Ermənistanı qarışdırdı...
Ermənistanda orta məktəblər üçün 7-ci sinif tarix dərsliyində qədim Azərbaycan şəhəri olan İrəvanın həqiqi tarixinin yazılması ekstremist qüvvələrin qəzəbinə səbəb olub. Ermənistanın Təhsil Nazirliyinin qarşısında toplaşan Erməni Demokratik Hərəkatının üzvləri nazir Janna Andreasyanın 24 saat ərzində istefa verməsini tələb ediblər.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyi nümayişçilərin iddialarını əsassız hesab edib və onların tələbinin yerinə yetirilməyəcəyini bildirib.
Aksiyaya rəhbərlik edən Vazqen Petrosyan bildirib: “Mitinqə toplaşanlar istəmirlər ki, böyüyən nəsil İrəvanın tarixini Türkiyənin sifariş etdiyi dərsliklər əsasında öyrənsin, bu nöqsana yol verən təhsil naziri istefa verməyənə qədər tələbimizdən əl çəkməyəcəyik”.
Erməni mətbuatı yazır ki, tarix elmləri namizədi Smbat Ovannisyanın müəllifi olduğu həmin dərslik Ermənistanda qızğın mübahisələrə səbəb olub. Belə ki, ermənilərə görə, İrəvanın tarixi Erebunidən (guya erməni dövləti olmuş Urartunun bir qalası) başlayır və kitabda bu fakt qeyd olunmayıb. Tənqidçilər hesab edirlər ki, müəllif “türk millətçi tarixşünaslığının ənənələrindən” istifadə edib. Bundan başqa, dərslikdə ermənilərlə heç bir əlaqəsi olmayan Urartu dövləti ilə bağlı da erməni tarixçilərini qane etməyən məlumatlar var.
Ermənistanın təhsil fondunun rəhbəri Vaqram Soqomonyan isə bəyan edib ki, tarix dərsliyinə 46 düzəliş ediləcək. Digər erməni tarixçiləri həmin kitabın tədrisinin qadağan edilməsi təklifini irəli sürüblər.