Qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki iştirakçılarını əhatə edən genişmiqyaslı proqramında nəzərdə tutulan maarifləndirmə tədbirləri müvəffəqiyyətlə reallaşdırılmaqdadır.
Yanvarın 29-da Bakı şəhərində Mərkəzi Seçki Komissiyasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəsi çərçivəsində qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masa keçirilib. Bu barədə baki-xeber.com-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.
Maarifləndirmə tədbirinin gerçəkləşdirilməsində əsas məqsəd Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş layihələrin müzakirəsindən ibarətdir. Tədbir Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın açılış nitqləri ilə başlayıb.
Sonra layihənin gündəliyinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının üzvü, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bir sıra qadın təşkilatlarının təmsilçiləri çıxış edib. Təqdimatlar zamanı iştirakçılara seçki hüququnun mənsubiyyəti, onun təmin edilməsi və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar barədə ətraflı məlumat verilib.
Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, qadın təşkilatları, vətəndaş cəmiyyəti institutları və ictimai birliklərin nümayəndələri, habelə media mənsublarının iştirakı ilə keçirilən dəyirmi masa, mövzular ətrafında müzakirələrdən və yaranan suallar cavablandırıldıqdan sonra başa çatıb.
Qeyd etmək lazımdır ki, sözügedən tədbir Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 2023-cü ilin dekabrından keçirilən və qadınların seçkilərdə fəallıqlarının daha da artırılmasına həsr edilən çoxsaylı seminar və görüşlərin yekunu olaraq reallaşdırılıb.
İradə SARIYEVA