AŞPA COP29 və Ümumdünya Şəhər Forumunun qisasını Bakıdan belə aldı...
Azər Həsrət: “Bunlar bizim üzərimizdə hegemonluq etmək istəyirlər”
Məlum olduğu kimi, Avropa qurumları timsalında Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasət sərgilənir. Avropa Parlamenti, Fransa Senatı ölkəmizlə bağlı qərəzli qərar qəbil etdi.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel çıxışlarında bütün diplomatik normaları pozaraq ölkəmizi hədəf aldı. Ən nəhayət, AŞPA Azərbaycan nümayəndə heyətilə bağlı qərəzli qərar qəbul etdi.
Buna qədər Qərb ölkələri, xüsusilə də Fransa və Almaniya COP29-un, BMT-nin Ümumdünya Şəhərlər Forumunun Bakıda keçirilməsinə qarşı ciddi şəkildə çalışıblar, amma alınmayıb. Nə COP29-un keçirilməsinə mane ola bildilər, nə də Şəhərlər Forumunun Bakıda keçirilməsinin qabağını ala bildilər. Onları Azərbaycana qarşı aqressivləşdirən faktorlardan biri də budur. Həmin o iki tədbirin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün Fransa, Almaniya və digər Qərb ölkələri niyə bu qədər canfəşanlıq göstəriblər? Bunda məqsədləri nə idi? Azərbaycanın bundan nə əldə edə biləcəyindən qorxurlar ki, ölkəmizə qarşı çıxış etdilə və alınmayandan sonra da bu gün qisas alırlar?
“Fransa Azərbaycanın həm öz suverenliyini təmin etməsini, həm də mötəbər tədbirlərə ev sahibliyi etməsini həzm edə bilmir”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycana qarşı belə qarayaxmalar ölkəmizin öz enerjisini gərəksiz məsələlərə sərf etməsinə səbəb olur. O baxımdan yaşananlar xoş deyil. Fransa Azərbaycanın həm öz suverenliyini təmin etməsini, həm də mötəbər tədbirlərə ev sahibliyi etməsini həzm edə bilmir. O üzdən, belə quduz tərzdə ölkəmizə hücumlar edirlər. Ancaq bununla yanaşı qeyd etməliyik ki, Azərbaycan Respublikası dövlət olaraq elə bir mərhələyə, səviyyəyə gəlib çatıb ki, nə bir beynəlxalq təşkilat, nə də bir xarici dövlət bu tərzdə və tonda onunla davrana bilməz. Yəni bizim onların deyəcəklərinə cavabımız hər zaman var. O baxımdan narahat deyilik. Əlbəttə, onları narahat edən məqam odur ki, Azərbaycan kimi müstəqilliyini nisbətən yeni qazanan dövlət ciddi uğurlara imza atır. Kiçik dövlət olmasına baxmayaraq, dünyanı idarə edən güclərlə hesablaşmır. Daha konkret desək, Azərbaycan dövlət olaraq öz mövqeyini qoruyur. Bunlar da adətən öyrəşiblər ki, böyük olduqlarına görə kiçiklər bunlara itaət etməlidir. Azərbaycan isə deyir ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabər səviyyəli, hüquqlu münasibətlərdə maraqlıyıq. Yeri gəlmişkən, Azərbaycan özündən qat-qat kiçik olan dövlətlərlə məhz belə davranır. Yəni onlar bizdən kiçikdir, zəifdir deyib Azərbaycan onların üzərində hegemonluq iddiasına düşmür. Ancaq bunlar bizim üzərimizdə hegemonluq etmək istəyirlər. Ona görə də sağdan-soldan belə hücumlar baş verir. Ancaq biz onların qarşısında duruş gətirəcəyik və hələ bir az da irəli gedəcəyik”.
Vidadi ORDAHALLI