Zaxarova Rusiyanın mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təqdim olunmasına köməklik göstərməyə hazır olduğunu dedi
Rusiya Cənubi Qafqazda sülh və sabitliyin əldə olunmasına səbəb olacaq səyləri davam etdirməyə hazırdır.
Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova mina xəritələrinin Ermənistan tərəfindən Azərbaycana təqdim olunmasında Moskvanın tərəfdaşlıq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab olaraq deyib.
"Biz daima Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə humanitar məsələlərə yüksək diqqət ayırmışıq", - deyən Rusiya XİN nümayəndəsi itkin düşmüş şəxslərin axtarışı və minalı ərazilərin xəritəsinin verilməsində Rusiyanın fəal köməklik göstərdiyini əlavə edib.
Xatırladaqki, Ermənistanın Milli Təhlkükəsizlik Xidməti Qarabağda minalı ərazilər haqqında 8 yeni formulyarın aşkarlandığını və xəritələrin işçi kanallar vasitəsilə yaxın günlərdə Azərbaycana təqdim olunacağını bildirib.
İrəvanın xəritələrin nüsxəsini beynəlxalq tərəfdaşlara təqdim edəcəyi qeyd olunub.
Azərbaycanın Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, rəsmi Bakı bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim olunmasını gözləyir.