Qaxın Qaratala kənd məktəbi - buna məktəb demək olar?
Nizami Hüseynov: “Ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir”
Son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, yenilərinin inşası və əsaslı təmir olunaraq müəllim və təhsilalanların istifadəsinə verilməsi ilə sıx bağlıdır.
Məktəb, universitet və məktəbəqədər təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunaraq təhsilalanların ixtiyarına verilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu sahədə görülən işlər göz qabağındadır. Lakin elə tədris ocaqları var ki, hələ də dağılmış vəziyyətdədir. Belə bir hal Qax rayonunun Qaratala kəndində yerləşən təhsil ocağında müşahidə olunur. Bu məktəbin sinif otağında döşəmə və tavan bərbad vəziyyətdədır. Həmçinin, burada otaqların qapısı da yoxdur.
Valideynlərin sözlərinə görə, məktəbə qış aylarında soyuqdan, yayda isə ilanlara görə yaxın durmaq mümkün deyil. Onlar övladlarını məktəbə göndərməyə qorxduqlarını bildirir.
“Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir, bu işə səhlənkar yanaşmaq olmaz”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, ölkə ərazisində hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var: “Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, bu işdə ləngimələr var. Ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblərin, ən azından, təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur”.
Ekspert onu da əlavə etdi ki, aidiyyəti qurumlar təhsil müəssisələrinin vəziyyəti ilə daim maraqlanmalıdır. Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir. Bu işə səhlənkar yanaşmaq olmaz. Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır. Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır.
Günel CƏLİLOVA