Gəliri olmayan vətəndaşa 2.5 milyon manat kredit necə verilib?..
Zaman-zaman bir sıra bankların istehlak krediti adı altında bəzi şəxslərə külli miqdarda kredit verməsilə bağlı məlumatlar yayılıb. Həmin kreditlər də təəssüf ki, geri qayıtmır. Banklar həmin krediti batmış, ümidsiz kredit adı ilə təqdim edir. İddiaya görə, banklar krediti götürən şəxslə razılığa gəldiyi üçün bu cür addım atır.
Bu günlərdə Azərbaycanda bankın rəsmi gəliri olmayan vətəndaşa külli miqdarda istehlak krediti verməsilə bağlı məlumat yayıldı. Söhbət "Premium Bank"dan gedir. Belə ki, bank 2 il müddətinə rəsmi gəliri olmayan vətəndaşa 2,5 mln. manat məbləğində kredit verib. Bu müddət ərzində vətəndaş hər ay yalnız faizləri ödəməli olub.
Qeyd edək ki, rəsmi gəliri olmayan şəxsə küllu miqdarda kreditin verilməsi qanun pozuntusu sayılır.
Premium Bank: “Məsələyə hazırda məhkəmə müstəvisində baxılır”
Məsələ ilə bağlı “Premium Bank”dan bildirildi ki, məsələyə hazırda məhkəmə müstəvisində baxılmaqdadır: “Proses davam edir. Əlavə şərhin verilməsinə zərurət yoxdur”.
Əkrəm Həsənov: “Bank rəsmi iş yeri olmayan şəxsə böyük həcmdə kredit verməklə borc gəlir nisbəti ilə bağlı qaydaları pozub”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu hadisə 5-6 il öncə baş verib. Bank vətəndaşa istehlak krediti adı altında külli miqdarda kredit verib: “Onu da deyim ki, kreditlə bağlı girov qoyulub. Ancaq maraqlı məqam ondan ibarətdir ki, kreditlə bağlı qoyulan girov, yəni əmlak başqa bir şəxsə məxsus olub. Təəssüf ki, həmin şəxs də əmlakının girov qoyulmasından xəbərsiz olub. Kreditin götürülmə səbəbi kimi maliyyə ehtiyaclarının qarşılanması göstərilib. Təbii ki, bu ümumi bir açıqlamadır. Halbuki, bu qədər məbləğ üçün konkret səbəb göstərilməli idi”.
Həmsöhbətimizin sözlərinə görə, bank rəsmi iş yeri olmayan şəxsə böyük həcmdə kredit verməklə BGN əmsalı (Borc gəlir nisbəti) ilə bağlı qaydaları pozub: “Bir sözlə, “Premium Bank”ın vətəndaşa verdiyi kredit həm qanunsuz olub, həm də digər vətəndaşın əmlakı ondan xəbərsiz girov qoyulduğu üçün etibarsız olub”.
Günel CƏLİLOVA