52 yaşlı tələbə, həm də şəhid anası...
Şəhid Cəmil Həşimli. İndi bu ad bütün Azərbaycanda fəxrlə çəkilir. Kürdəmirdə dünyaya göz açan, 44 günlük haqq savaşımızda 25 yaşında canını Vətənə fəda edən Azərbaycan ordusunun giziri Cəmil Həşimli Füzuli döyüşlərində sözün əsl mənasında tarix yazıb. Elə burda da şəhidlik zirvəsinə ucalıb. Ürəklərdə əbədi yurd-yuva quran, ölümsüzlüyə qovuşan qəhrəman dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Füzulinin, Şuşanın azadlığına görə medallarına və III dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Cəmil kimi mərd, igid, vətənpərvər oğul böyüdən 52 yaşlı Simuzər ana orta məktəbi bitirdikdən 35 il sonra Lənkəran Dövlət Universitetinə qəbul olub. Hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacisı vəzifəsində yüzlərlə, minlərlə insana öz şəfalı əlləri ilə ikinci həyat bəxş edib. Bununla kifayətlənməyən Simuzər ana Vətəninə, xalqına daha çox gərək olmaq məqsədilə ötən il fərdi qaydada hazırlaşaraq imtahanlara qatılıb. Keçid balını toplayaraq Lənkəran Dövlət Universitetinin tələbəsi olub. Ötən ilin ikinci sevincinə isə nənə adını qazanmaqla qovuşub.
Tələbə Simuzər ana deyir: - 3 oğlum İkinci Qarabağ müharibəsində düşmənə qarşı qəhrəmanlıqla döyüşüb. Böyük və kiçik övladlarım müharibədən sağ-salamat qayıdıblar. Gizir oğlum Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. İndi onun adı bütün Vətən üçün əzizdir. Oğul itkisi ağırdır. Qaldı ki, Cəmilin Vətən sevgisi məni sınmağa qoymadı. Hər dəfə onun adı şirin dillərdə qəhrəmanlıq nəğməsinə dönəndə xətrinə həyata sevgim artıb. Və nəticə də çoxdankı istəyimə çatdım. Çalışaram müqəddəs şəhidlik zirvəsindən boylanan oğlumun ruhu həmişə şad olsun. Bir də mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimə yaxşı hazırlaşıram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü