Daxili dövlət borcumuzun bu qədər artımı hansı risqləri yaradır - 16 milyard manat...
Firdovsi Şahbazov: “Daxili borclanma tənzimlənməli və buna nəzarət mexanizmi təkmilləşməlidir”
Maliyyə Nazirliyinin 2023-cü il üzrə dövlət və icmal büdcəsinin icrasına dair yaydığı məlumatdan məlum olur ki, 2023-cü ildə Azərbaycanda daxili dövlət borcu 3.8 dəfə artıb.
Məlumatda bildirilir ki, 2023-cü ildə Azərbaycanın daxili dövlət borcu 4.2 milyard manat səviyyəsində idi. İlin sonunda bu rəqəm 15.8 milyard manata yüksəlib, yəni 11.6 milyard manat və ya 3.8 dəfə artıb. Daxili dövlət borcunun ÜDM-ə nisbəti 2023-cü ilin yanvarın 1-də 9,8 faiz artaraq 3,1 faizdən 12,9 faizə çatıb.
Göründüyü kimi, Azərbaycanda daxili borclanma getdikcə artır. Maraqlıdır, daxili borclanmanın belə artımı risqli deyilmi?
“Əks təqdirdə bu məqsədlə götürülən vəsaitlərin səmərəsiz xərclənməsi ciddi problemlər yarada bilər”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında daxili borclanmanın artmasını bir sıra amillərlə əlaqələndirdi: “Daxili borclanmanın artması bir neçə səbəbdən qaynaqlanır. Daxili borclanmanın bir səbəbi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsidir. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,5 faizi həcmində, yəni 33 milyard 765,0 milyon manat, xərcləri isə 36 milyard 355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır. Burada yaranmış 3 milyard manata yaxın bir kəsiri maliyyələşdirmək lazımdır. Başqa bir tərəfdən bu, dövlət öhdəlikləri ilə əlaqədardır. Bunlardan biri 9.3 milyard manat məbləğində dövlət zəmanətli öhdəliklərin dövlət borcuna aid edilməsidir. Digər bir tərəfdən, son illər ölkədə xarici dövlət borcunun daxili borcla əvəzləşdirilməsi siyasəti aparılır. Bu məqsədlə dövlət istiqrazları buraxılır. Hansısa xarici maliyyə qurumlarına müraciət edilmir. Daxili ehtiyatlar hesabına bu işlər görülür. Nəzərə almaq lazımdır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədar böyük bərpa layihələri həyata keçirir. Belə artımlar nəticəsində daxili borcun həcmi artır. Daxili borclanmada əsas məsələ odur ki, biz valyuta riskinə məruz qalmırıq. Belə ki, dövlətin daxili borclanma hesabına xərclədiyi pullar ölkə daxilində qalır. Çünki ölkənin əsas siyasəti daxili borclanmanı artırıb xarici borclanmanı minimuma endirməkdir. Xarici borclanmanın minimuma enməsi, xaricdən asılılığı da azaldır. Bütün bunlarla yanaşı, daxili borclanma tənzimlənməli və buna nəzarət mexanizmi təkmilləşməlidir. Əks təqdirdə bu məqsədlə götürülən vəsaitlərin səmərəsiz xərclənməsi ciddi problemlər yarada bilər”.
Vidadi ORDAHALLI