Türkiyə də AŞPA-da fəaliyyətini dayandıra bilər - yenə qərəz, ayrıseçkilik...
Qulamhüseyn Əlibəyli: “Prinsip etibarilə mümkündür ki, Türkiyə də AŞPA-da fəaliyyətini dayandırsın”
Məlum olduğu kimi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bu qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Buna səbəb qurumun Azərbaycana qarşı sərgilədiyi qərəzli, ədalətsiz və birtərəfli münasibət olub.
Məsələ ondadır ki, Fransa və bəzi digər Avropa ölkələri Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Bu səbəbdən müxtəlif bəhanələr uyduraraq Avropa qurumlarının Azərbaycana qarşı sanksiya qəbul etməsinə çalışırlar. AŞPA-da Azərbaycandan olan deputatların səs hüququnun məhdudlaşdırılması da bu qəbildəndir.
O da məlumdur ki, AŞPA-da Azərbaycan kimi qərəzli siyasətin qurbanı olan digər ölkələr də var. Bu baxımdan həmin ölkələr də bu sayaq qurumda fəaliyyətini dayandıra bilərmi? Məsələn, xeyli müddətdir Türkiyə də belə ədalətsiz münasibətlə üzləşir.
“Bu bir reallıqdır ki, AŞPA Türkiyə və bəzi hallarda Macarıstanla bağlı qərəzli mövqe sərgiləyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli ümumən bunu mümkün hesab edir: “Azərbaycan nümayəndə heyyətinin AŞPA-da fəaliyyətinin dayandırılması doğrudan da ölkəmizə qarşı yönəlmiş ədalətsiz təzyiqlərlə bağlıdır. Azərbaycanın öz ərazilərini azad etməsi, böyük quruculuq işlərinə başlaması, regionda söz sahibi olması ölkəmizi və Türkiyəni sevməyən qüvvələrin fəallaşmasına səbəb olub. Onlar həm çalışırlar ki, bir tərəfdən Ermənistanı silahlandırsınlar, digər tərəfdən bütün beynəlxalq platformalarda Azərbaycana qarşı səlib yürüşünə keçmiş olsunlar. Azərbaycanı sıxışdırmaq, ləkələmək mövqeyindən çıxış edirlər. Məsələn, bir neçə gün əvvəl Azərbaycan nümayəndə heyətinin səlahiyyəti tam təsdiq olunub, nümayəndə heyyətinin sədri Səməd Seyidov qurumda müavin statusu alıb. Bütün bunlardan sonra Azərbaycana qarşı AŞPA-da məlum kampaniyanın başlaması o deməkdir ki, ölkəmizin artan nüfuzuna qarşı bir sipər çəkmək istəyirlər. Nümayəndə heyətimizin öz fəaliyyətini müvəqqəti dayandırması, hesab edirəm ki, düzgün addımdır. Bütün beynəlxalq və digər təşkilatlara bir mesaj vermək lazımdır ki, Azərbaycan siyasətini müstəqil şəkildə özü müəyyənləşdirir. Heç bir beynəlxalq təşkilatın, Qərb dövlətlərinin siyasətindən asılı olmayaraq hərəkət edəcək. Bu mənada hesab edirəm ki, bəli, Azərbaycan nümayəndə heyətinin qərarı düzgündür. Digər ölkələrə gəldikdə isə, bu məsələdə konkret şəraitlə və məsələlərlə bağlı fikir söyləmək olar. Bu bir reallıqdır ki, AŞPA Türkiyə və bəzi hallarda Macarıstanla bağlı qərəzli mövqe sərgiləyir. Çünki bu ölkələr müstəqil siyasət yeridir. Xüsusən də Türkiyə ilə bağlı daha qərəzli və riyakar siyasət sərgilənir. Həm AŞPA, həm də Avropa İttifaqı çərçivəsində biz bunu görürük. Prinsip etibarilə mümkündür ki, Türkiyə də AŞPA-da fəaliyyətini dayandırsın. Belə qərəzli siyasət davam edərsə, Türkiyə də bənzər mövqe sərgiləyib AŞPA-da fəaliyyətini dayandıra bilər. Çünki Türkiyənin də səbri sonsuza qədər deyil. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın olmadığı yerdə Türkiyə ölkəmizin mənafeyini müdafiə edəcək”.
Vidadi ORDAHALLI