Ermənistanda Avroittifaq missiyası Rusiyaya qarşı daha bir addım atdı...
Akif Nağı: “Rusiya Ermənistana qarşı daha çox təzyiq mövqeyindən çıxış edəcək”
Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsini müzakirə edəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu məsələni hökumətin iclasına təqdim edib:
“Təklif olunan hüquqi akt Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Avropa İttifaqının Ermənistandakı missiyasının statusu haqqında 20 noyabr 2023-cü ildə imzalanmış sazişi ratifikasiya etmək üçün nəzərdə tutulub”.
Bu sazişin ratifikasiyası AB ilə Ermənistan arasındakı münasibətlərə necə təsir edəcək və Moskvaya yönəlik bu təzyiq Rusiya-Ermənistan münasibətlərinin perspektivi üçün nə vəd edir?
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu saziş artıq fəaliyyətdədir: “Onun əsasında Avropa İttifaqı Ermənistanda öz işini həyata keçirir və getdikcə də saylarını artırmaqla məşğuldurlar. 200-dən artıq tərkib də həmin heyətə daxildir. Ona görə də, növbəti bir mərhələ də parlamentdə olacaq. Hökumət yəqin ki, parlamentə təqdim edəcəyi layihəni hazırlayıb. Bir mərhələdə hökumətin ətrafında müzakirələr gedəcək. Ondan sonra parlamentə çağrılacaq. Ermənistan rəhbərliyi məsələnin ətrafında növbəti dəfə bir ajiotaj yaratmaq istəyir. Rusiyanın mövqeyində nə dəyişiklik olacağını izləyirlər. Rusiya hələ ki, bir təzyiq vasitəsidir. Hökumət müzakirə edir, layihə hazırlayır və Rusiyadan hansısa güzəştləri gözləyir. Çünki nə qədər deyilsə də, Ermənistan Rusiyadan uzaqlaşa bilmir. Regionda Rusiyanın təsir imkanları kifayət qədərdir. Ona görə də, mən hesab edirəm ki, bu müzakirələrdə maraqlı olan Rusiyanın Ermənistanın hansı istəklərini həyata keçirəcəyidir. Təbii ki, bu da Rusiya tərəfindən müsbət qarşılanmayacaq. Ola bilər ki, Rusiya hansısa reveranslar etsin, Ermənistanla münasibəti nisbətən yaxşılaşdırmaq üçün hansısa müsbət addımları atsın. Ancaq sərt mövqe də tuta bilər. Mən düşünürəm ki, Rusiya Ermənistana qarşı daha çox təzyiq mövqeyindən çıxış edəcək. Bu vəziyyətdən də Azərbaycan öz maraqları üçün istifadə etməlidir. İndiki şəraitdə Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı qərəzli bir mövqenin sərgilənməsi ilə göstərmək istədilər ki, Azərbaycana qarşı sərt mövqedədirlər, ancaq Ermənistanla yaxınlaşırlar. Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik siyasəti üzrə baş komissarı Cozep Pover də Azərbaycana qarşı əsassız iddialarla çıxış edərək belə bir təsəvvür yaratmaq istəyir ki, guya Azərbaycan Ermənistana təcavüz edəcək, hətta edib, onu davam etdirmək istəyir. Onlar da guya Ermənistanı müdafiə etməyə çalışırlar. Avropanın hələ ki, Azərbaycana qarşı mövqeyi bu yöndədir. Azərbaycan da bu təzyiqləri, bu siyasəti nəzərə almalı və öz xəttini müəyyənləşdirməlidir. Azərbaycan üçün əsas məsələ nəticədir. Nəticə də torpaqlarımızın azadlığıdır. Azərbaycan bütün addımlarında bu məsələni əsas götürməlidir”.
Məhəmmədəli QƏRİBLİ