Gümrüdə Rusiyanın bazasının bir addımlığında ABŞ hərbi-bioloji laboratoriyası - Rusiya hansı addımı atacaq...
ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Beləliklə, Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Ermənistan ilə ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanıb.
Qeyd edilib ki, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək.
Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğuna görə, xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığı üçün təhlükə yarana bilər.
Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Rusiyanın etirazı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirə olunur.
Qeyd edək ki, ABŞ-nin belə laboratoriyaları Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da var.