ABŞ husilərin hücumlarını dayandırması üçün Çindən kömək istədi – İranla danışın...
Yəmənin paytaxtı Sana və ölkənin ən böyük limanı olan Hudeydəyə nəzarət edən husilərin Qırmızı dənizdə gəmilərə hücumu təxminən iki aya yaxındır ki, dünyanın gündəmini zəbt edib.
İsrailin Qəzza zolağından çəkilməsini tələb edən İranın dəstəklədiyi husilər, bir İsrail yük gəmisini ələ keçirdikdən sonra da bölgədə gəmilərin hərəkətinə təhlükə yaratmaqda davam edir.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya isə husilərin qarşısını almaq üçün Qırmızı dəniz və Ədən körfəzini birləşdirən Bab əl-Məndeb boğazına hərbi gəmilər yerləşdirib. Husilərin atdığı bir çox raket və ya kamikadze pilotsuz təyyarələr havada zərərsizləşdirilib. Ancaq bütün bunlara baxmayaraq Yəmən qrupunun hücumlarını dayandırmaq mümkün olmayıb. Növbəti addım olaraq ABŞ və Böyük Britaniya husilərə məxsus hədəflərə hava zərbələri endirməyə başlayıb. Yəmənin qərbinə nəzarət edən husilər ABŞ və İngiltərənin bu addımına Amerika döyüş gəmisinə raket zərbələri endirərək cavab veriblər. Bu arada, İngiltərənin “Financial Times” qəzeti ABŞ-ın hücumların dayandırılmasında Yəmən husilərini razı salmaq üçün dəfələrlə Çindən kömək istədiyini iddia edib. Qəzet yazır ki, Vaşinqton Pekindən birbaşa husilərlə yox, İranla danışmasını istəyir. “Financial Times” Pekinin ABŞ-ın dəfələrlə təkrar etdiyi yardım istəyinə heç bir müsbət siqnal vermədiyini bildirir. Qeyd edilir ki, məsələ Vaşinqtona səfər edən Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri ilə də müzakirə edilib. Lakin bir nəticəsi olmayıb.
TAHİR