Lavrovdan sülhməramlılar və sülh danışıqları ilə bağlı açıqlama - Qərb yanlış hərəkət etdiyimizi düşünür...
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur, bu, Moskva ilə Bakı arasında ikitərəfli münasibətlər məsələsidir.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
"Bizim həqiqətən orada [Qarabağda] sülhməramlılarımız var. Amma bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazilərinin bir hissəsində yerləşdirilib.
Lavrov daha sonra bildirib ki, Qərb Rusiyanın Azərbaycanla Ermənistan arasında nizamlanmada oynadığı rolun yanlış olduğu qənaətinə gəlib və onları Brüsselə “aldadaraq gətirməyə” çalışır.
O, vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin şəxsi müdaxiləsi 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasında, eləcə də Ermənistan, Azərbaycan və Rusiya arasında bir sıra üçtərəfli sənədlərin razılaşdırılmasında mühüm rol oynayıb. Nazir bildirib ki, bu sənədlərdə sərhədlər, ticarət və nəqliyyat yolları və sülh müqaviləsinin bağlanması məsələləri də daxil olmaqla, nizamlanmasının əsas parametrləri müəyyən edilib.
O, həmçinin qeyd edib ki, yaxın vaxtlarda Qərb tərəfdaşları əldə olunmuş razılaşmalara baxmayaraq, nədənsə Rusiyanın bu kontekstdə yanlış hərəkət etdiyini düşünür, erməniləri və azərbaycanlıları Brüssel, Paris, Vaşinqton və Praqa kimi digər şəhərlərdə danışıqlara çağırmağa çalışırlar.