Ermənistan Rusiyanı kiminlə əvəzləyəcək - "baş müttəfiq ölkə axtarışları" başladı...
Əli Mustafa: “Gerçəkdə isə Ermənistan Çinlə də, Avropa İttifaqı ilə də, Hindistan və Rusiya ilə də işləyir”
Ermənistan təhlükəsizlik məsələlərini həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışmalıdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransı zamanı deyib və vurğulayıb ki, hər bir ağıllı dövlət daima yeni müttəfiqlər və dəstəkçilər tapmaq üçün səy göstərməlidir:
“2020-ci il müharibəsi və ondan sonrakı hadisələrdən sonra bu, bizim üçün daha aydın və zəruri oldu. Biz elə bir vəziyyətlə üzləşmişik ki, bizim müttəfiqlik mexanizmlərimiz ümidlərimizi doğrultmayıb. Biz tez-tez bu mexanizmlərin işləməməsinin şahidi olduğumuz barədə qiymətləndirmələr səsləndirmişik. Üstəlik, belə bir şəraitdə ölkəmizin təhlükəsizlik problemlərini həll etmək üçün yeni müttəfiqlər tapmağa çalışması təbiidir”.
Bu kontekstdə nazir, həmçinin, sərhəddə təhlükəsizliyin səviyyəsini artıran Aİ müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi, eləcə də tərəfdaşların Ermənistan Respublikasının ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı bəyanatlarını xatırladıb.
Görürük ki, Ermənistan yeni müttəfiq axtarışına çıxıb. Dəyişmək istədiyi Rusiyadırsa, onun yerinə hansı ölkəni seçə bilər?
Müstəqil siyasətçi Əli Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan xarici işlər nazirinin açıqlaması təbii ənənəvi erməni fitnəkarlığının təcəssümündən başqa bir şey deyil: “Çünki onların Fransa, Almaniya, İran kimi müttəfiqləri var. Eyni zamanda Rusiyanı da əldən buraxmırlar. Rusiyanı bir formada bəzən şirnikləndirirlər, bəzən də qıcıqlandırırlar ki, o da üzərinə düşən işləri görsün. Bütün bunlar oyundu. Həqiqətdə isə ermənilər bütün güclərdən istifadə edirlər, bütün beynəlxalq müstəvilərdə Azərbaycan əleyhinə işləyirlər. Özlərini sülhpərvər kimi göstərsələr də, müharibə çıxarmağa çalışırlar. Hesab edirəm ki, silahların alınması da hansısa balans yaratmaq üçün deyil. Onlar müharibəyə hazırlaşırlar. Amma bu dönəmdə də sanki yarış keçirilməsi üçün bir növ elan verirlər. Ermənistanı daha kimlərin dəstəkləməsinin axtarışında olduqları kimi özlərini göstərirlər. Amma əslində isə onların artıq ciddi müttəfiqləri var və bu müttəfiqlərlə işlər gedir. Sadəcə, bunu çox da qabarıq ifadə etmək istəmirlər. Rusiyanın Ukraynada revanş götürmək şansı var və əgər uğur qazanarsa, növbəti hədəfi Ermənistan ola bilər. Bunu da anlayırlar, Rusiyaya mesaj verməyə çalışırlar ki, bizim hələ müttəfiqimiz yoxdu səndən başqa. Amma biz başqalarını da axtara bilərik. Əgər sən öz üzərinə düşən işləri yaxşı görsən, sənlə kifayətlənərik. Gerçəkdə isə Ermənistan Çinlə də, Avropa İttifaqı ilə də, Hindistan və Rusiya ilə də işləyir. Bütün bunlar hamısı Azərbaycana qarşı aparılan hərbi - siyasi fəaliyyətin tərkib hissəsidir. Son vaxtlar Ermənistanla Qazaxıstan arasında da hərbi birliklə bağlı müqavilə imzalanıb”.
Məhəmmədəli QƏRİBLİ