Buraxılışdan 100 bal toplamayanlar blok imtahanına buraxılmayacaq?
Elmin Nuri: “100 bal toplamayanların imtahana buraxılmaması həqiqət deyil”
Son günlər sosial şəbəkələrdə buraxılış imtahanından 100 bal toplamayan abituriyentlərin blok imtahanına buraxılmaması haqqında məlumatlar yayılıb.
Qeyd edilir ki, buraxılış imtahanından 100 bal toplamayanlar imtahana buraxılmayacaq. Bu məlumat abituriyentlər arasında narazılığa və müzakirəyə səbəb olub.
“Buraxılış imtahanlarının vaxtı yaxınlaşdıqca bəzi sosial şəbəkə səhfələrində izləyici toplamaq xatirinə bu cür ajiotaja səbəb olan məlumatlar yayılır”
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sosial şəbəkədə təhsillə bağlı çoxlu sayda yanlış məlumat yayılır: “Məlumdur ki, qəbul imtahanlarına çox az vaxt qalıb. Buraxılış imtahanlarının vaxtı yaxınlaşdıqca bəzi sosial şəbəkə səhfələrində izləyici toplamaq xatirinə ajiotaja səbəb olan məlumatlar yayılır. Bu tip xəbərlər abituriyenlərin, valideynlərin, müəllimlərin narazılığına səbəb olur. Təəssüflər olsun ki, bunun mənəvi-psixoloji tərəflərinə diqqət edilmir. Valideynlərin, abituriyenlərin keçirdiyi stress, həyəcan nəzərə alınmır. Həmin səhifələrə nəzarət olmadığı üçün kim nə istəyir yayır”.
Təhsil eksperti xüsusi olaraq vurğuladı ki, buraxılış imtahanından 100 bal toplamayanların imtahana buraxılmaması həqiqət deyil: “Məlumat üçün deyim ki, 100 bal toplamayan abituriyentin blok imtahanına buraxılmaması o deməkdir ki, neçə min şagird kənarda qalacaq. Buraxılış imtahanından 1 bal toplayan olsa belə, o abituriyent blok imtahanına buraxılacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Dövlət İmtahan Mərkəzinin SMM xidməti və admin qrupu dəqiq, operativ işləyir. İmtahanla bağlı narahatlığı olan, hər hansı bir sualı olan şəxs DİM-in Facebook və ya İnstagram səhifəsinə yaza bilər. Həmin səhifələrin adminləri hər bir sualı dərhal cavablandırır və ətraflı şəkildə izah verir.
Günel CƏLİLOVA