Rəqabət Məcəlləsinin təsdiqi iqtisadiyyatda nələri dəyişəcək...
Vüqar Bayramov: “Məcəllə monopoliyaya qarşı mübarizənin gücləndirilməsinə imkan verəcək”
Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.
Dövlət başçısı, həmçinin, Qanunun tətbiqini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən aşağıdakı üç qanun ləğv ediləcək:
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli 526 nömrəli Qanunu, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli 1049 nömrəli Qanunu, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli Qanunu.
Neçə illər idi Rəqabət Məcəlləsinin qəbul olunması arzulanırdı. Artıq bu tam rəsmiləşdi. Məcəllənin tətbiqi ölkə iqtisadiyyatında nələri dəyişəcək?
“Bu, yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov bununla bağlı bir sıra məqamlara toxundu: “Yeni məcəllə, eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu və bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir. Rəqabət Məcəlləsinin qəbul edilməsi bütövlükdə istehlak bazarında həm qiymətlərin optimallaşdırılması, həm də sahibkarların dəstəklənməsi baxımından vacibdir. Çünki burda artıq Rəqabət Məcəlləsi monopoliyaya qarşı mübarizənin gücləndirilməsinə imkan verəcək. Bazarda hökmran mövqeyin digər sahibkarlara təsiri varsa, bu halda artıq həmin hökmran mövqenin aradan qaldırılması ilə bağlı dövlət qurumları tərəfindən fəaliyyətlər həyata keçiriləcək. O baxımdan bu, bir tərəfdən iqtisadiyyatın ağarması və liberallaşması, kiçik-orta sahibkarlığın dəstəklənməsi baxımından vacibdir. Digər tərəfdən istehlak bazarında qiymətlərin optimallığına, hətta bəzi məhsullar üzrə qiymətlərin azalmasına təsir göstərə bilər. O baxımdan Rəqabət Məcəlləsinin qüvvəyə minməsi iqtisadiyyata pozitiv təsir göstərməklə yanaşı, həm də istehlak bazarındakı tarazılığa təsir edəcək. Bu da daha uzun müddətdə qiymətlərin optimallaşdırılmasına dəstək olacaq. Bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu, yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir”.
Vidadi ORDAHALLI