Ukraynalı əsirləri dəyişmək üçün Belqoroda aparan Rusiya təyyarəsi vuruldu... - 74 nəfərin hamısı öldü...
Belqorod vilayətində Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi qəzaya uğrayıb.
Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılırmış.
İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, təyyarədə olanların hamısı ölüb. Onun sözlərinə görə, yerdə dağıntı yoxdur.
Qəzanın səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb.
Bildirilir ki, partlayışdan təxminən bir saat əvvəl Rusiya rəsmiləri yaxınlaşan raketlə bağlı həyəcan təbili çalıb.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov osə Belqorod vilayətində qəzaya uğrayan "İl-76" təyyarəsinin raketlə vurulduğunu bildirib. Qeyd edilir ki, Ukrayna hökuməti baş tutacaq əsir mübadiləsi barədə və əsirlərin mübadilə məkanına təyyarə ilə aparılacağından xəbərdar olub.
"Təyyarə üç "Patriot" və ya "Iris-T" raketi ilə vurulub", - Kartapolov deyib.
Rusiya Dövlət Duması isə İl-76 təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasına hansı raketlərin səbəb ola biləcəyini öyrənmək üçün ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayacaq. Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolova müvafiq göstəriş verib.
"Hansı raketlərdən və buraxılış qurğularından istifadə olunduğunu müəyyən etmək təklifi var, gəlin ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayaq. Deputatlar nəhayət ki, kimi maliyyələşdirdiklərini və kimə kömək etdiklərini görsünlər. Görsünlər ki, bu, nasist rejimidir. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər və parlament üzvləri bu rejimlərə impiçment elan etməlidirlər" - Volodin vurğulayıb.
Kartapolov qeyd edib ki, ukraynalı hərbi əsirlərin olduğu təyyarə ABŞ-ın "Patriot" zenit-raket kompleksi və ya Almaniyanın İRİS-T raketləri ilə vurula bilərdi.
"Onlar öz əsgərlərini havada vurdular. Humanitar missiyanı yerinə yetirən hərbi-nəqliyyat təyyarəmizin pilotları müdafiəsiz vəziyyətdə ABŞ və ya Almaniya raketləri ilə vuruldular" - Volodin vurğulayıb.
Ukrayna-Rusiya sərhədində yerləşən Belqorod son vaxtlar tez-tez Ukrayna ordusunun hücumlarına məruz qalır. Ötən ay bölgəyə raket hücumu nəticəsində 25 nəfər həlak olub.
Tahir TAĞIYEV