Təhsilin problemləri Milli Məclisin ayrıca müzakirəsinə çıxarılır....
Kamran Əsədov: “Milli Məclisdə şagirdlərin dərs yükü də müzakirə predmeti olmalıdır”
Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir.
Bu sahədə yaşanan problemlərin həll olunması üçün zamanla müəyyən layihələr icra olunur, qərarlar qəbul olunur. Buna baxmayaraq, hələ də təhsillə bağlı yetərincə problemlər qalmaqdadır.
Bu sahədə qeydə alınan problemlərin həll olunmasl üçün təhsillə bağlı yeni bir dinləmənin keçirilməsi təklif olunur. Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov deyib ki, Elm və Təhsil Nazirliyi və AMEA-nın iştirakı ilə komitənin tərkibində yeni dinləmənin keçirilməsinə ehtiyac var.
Maraqlıdır, Milli Məclisdə təhsilin hansı problemləri müzakirəyə çixarılmalıdır?
“Ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab verməsi istiqamətində müzakirələr aparılmalıdır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki,son illər təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilir. Xüsusən ali təhsilin əlçatanlığı istiqamətində irəliləyişlər var: “Qəbul yerlərinin sayının artırılması, həmçinin, orta ümümtəhsil məktəblərində müəllimlərin əmək haqqısının artırılması istiqamətində böyük işlər görülüb. Ancaq hesab edirəm ki, qanunvericiliyin təkmilləşdirilməsində ictimai dinləmələrə ehtiyac var. İctimai dinləmələrə təhsil sahəsində tədqiqat aparanlar cəlb olunmalıdır. Qanunvericilik məsələsinə fikir verilməlidir. Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin əmək haqqısında fərq var. Fərq əsasən kollec və ali təhsilli müəllimlər arasında müşahidə olunur. Hesab edirəm ki, bu doğru yanaşma tərzi deyil. Bu sahədə qanunvericiliyə dəyişiklik olunmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, hər ikisi dərs verirsə, şagird müəllimdən razıdırsa onun diplomunun önəmi olmamalıdır. Bu istiqamətdə dəyişiklik üçün ictimai dinləmələrə ehtiyac var”.
Təhsil ekspertinin sözlərinə görə, ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab verməsi istiqamətində müzakirələr aparılmalıdır. Bununla yanaşı, orta ümümtəhsil məktəblərinə işə qəbul prosesi daha da təkmilləşdirilməlidir: “Onu da deyim ki, ictimai iştirakçılıq haqqında qanuna dəyişiklik edilməsinə ehtiyac var. Valideynlər dərs, təhsil prosesini yaxından izləməsinə şərait yaradılmalıdır. Zənnimcə, Milli Məclis təhsildə islahatlara daha yaxından dəstək verməlidir. Ən vacib məqam isə xaricdə təhsil alan şəxslərin diplomunun tanınmasıdır. Bu sahədə çoxlu sayda problemlər var. Məlum problemin həlli ilə dinləmələrin keçirilməsinə də ehtiyac var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dağlıq və dağətəyi ərazilərdə yaşayan məktəblilərin dərsə xüsusi nəqliyyat vasitəsilə getməsi məsələsi də diqqətə alınmalıdır: “Həmçinin, Milli Məclisdə şagirdlərin dərs yükü də müzakirə predmeti olmalıdır. Danılmaz faktdır ki, bu gün məktəblərdə tədris olunan materiallar şagirdlərin yaşına görə deyil. Tədrisdə yenilik şərtdir, zamanımız bunu tələb edir, amma təhsillə bağlı məsələlərdə yüz ölçüb, bir biçmək, geniş müzakirələr aparmaq, mütəxəssislərin fikirlərini dinləmək lazımdır”.
Günel CƏLİLOVA