Misir Israilə xəbərdarlıq etdi - münasibətlər kəskin pisləşəcək..
Qahirə Israilə Misirin Qəzza zolağı ilə sərhədində Filadelfiya dəhlizinin təhlükəsizliyinə nəzarət etmək cəhdinin ölkələr arasında münasibətlərin kəskin pisləşməsinə səbəb olacağı barədə xəbərdarlıq edib. Bu barədə “Associated Press” (AP) xəbər verir.
«İsrailin bu istiqamətdə istənilən addımının Misir-İsrail münasibətlərinə ciddi təhlükə yaradacağını xüsusi vurğulamaq lazımdır», - agentlik Misir İnformasiya Xidmətinin rəhbəri Diaa Rəşvanın sözlərindən sitat gətirir.
AP qeyd edir ki, İsrail hakimiyyəti Qəzza zolağına mümkün silah qaçaqmalçılığının qarşısını almaq üçün dəhlizə nəzarətinin təşkili imkanını müzakirə edib.
Rəşvan əlavə edib ki, anklavın qərb sərhədi təhlükəsizdir və İsrailin Misirdən silah qaçaqmalçılığı ilə bağlı açıqlamaları yalandır.
Daha öncə yanvarın əvvəlində İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Misir və Qəzza arasındakı sərhəd bağlanmayana qədər HƏMAS-a qarşı müharibəni başa çatmış hesab etməyəcək.
ZÜMRÜD