Azərbaycanın partiyaları Fransanın düşmənçiliyinə çox “dözümlü” yanaşdılar...
Ramil Hüseynov: “Partiya olaraq qeydiyyatdan keçsələr də, təşkilatlanmaları, praktiki fəaliyyətləri zəifdir”
Məlum olduğu kimi, Fransa davamlı olaraq Azərbaycanı hədəf alaraq bizə qarşı düşmənçilik siyasəti aparır. Anti-Azərbaycan siyasəti sanki bir ənənə halını alıb. Ötən üç il ərzində bununla bağlı çoxsaylı məqamlar qeydə alınıb.
Ancaq məsələ ondadır ki, Fransa mövzusunda Azərbaycanda fəaliyyət göstərən partiyaların adekvat reaksiyasını görmürük. Ölkədəki partiyaların böyük əksəriyyəti – 98 faizinin nə fərdi qaydada səsi çıxır, nə də kollektiv bir petisiya imzalamaq var. Sadəcə media mənsubları müraciət edəndə məsələyə öz münasibətlərini bildirirlər. Yəni partiyalardan bir jest yoxdur. Məsələn, 2020-ci ildən bəri Fransa Senatı Azərbaycana qarşı 3 qərar qəbul edib. 2020-ci ilin noyabrın 25-də, 2022-ci ilin noyabrın 15-də, 2024-cü ilin yanvarın 17-də Fransa Senatı Azərbaycanla bağlı bədnam qərarlar qəbul edib. Bunların heç birinə partiyalar tərəfinən reaksiya yoxdur. Niyə? Bu bizim partiyaların siyasi yetkinsizliyinin göstəricisidir, yoxsa təşəbbüskarlığı itirməsinin göstəricisidir? Bəlkə hardansa komanda gözləyirlər? Bir sözlə, niyə bu işə fəal yanaşmırlar?
“Ən azından parlament partiyaları Fransaya birgə sərt bəyanatla etiraz edə bilərdilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bunu bir sıra faktorlarla əlaqələndirdi: “Bunun müxtəlif səbəbləri var. Başlıca səbəb odur ki, bizdə hakim YAP və bəzi partiyalar xaric əksər partiyaların ictimai rəyə təsiri yoxdur. Partiya olaraq qeydiyyatdan keçsələr də, təşkilatlanmaları, praktiki fəaliyyətləri zəifdir. Bir sıra partiyaların, necə deyərlər, vitrini çox aşağı səviyyədədir. Xarici dildə danışa bilən, beynəlxalq mediada ölkənin mənafeyini sanballı səviyyədə təqdim edə bilən funksionerlər barmaqla sayılacaq səviyyədədir. Bəli, həqiqətən də Fransa mövzusunda partiyaların timsalında birlik müşahidə olunmur. Məsələnin digər tərəfi onunla əlaqədardır ki, bizdə partiyalar arasında bloklaşma yox səviyyəsindədir. Adətən partiyalar bir blokda olanda belə məsələlərə daha adekvat reaksiya verirlər. Başqa bir tərəfdən, partiyalarda təşəbbüskarlıq, öz üzərlərində işləmək istəyi müşahidə olunmur. Baxmayaraq ki, parlamentdə bir neçə partiya təmsil olunur. Ən azından parlament partiyaları birgə Fransaya sərt bəyanatla etiraz edə bilərdilər. Bütün bunlar və digər səbəblər belə xoşagəlməz vəziyyətin yaranmasına gətirib çıxarır. Əslində ölkədəki bütün siyasi təşkilatlar Fransa məsələsində vahid mövqe ortaya qoysalar, bu daha faydalı olar”.
Vidadi ORDAHALLI