Paşinyan buna görə Əliyevin sifarişini yerinə yetirməkdə ittiham olunur...
Sahil Kərimli:“Paşinyan hakimiyyətinin bu düzgün mövqeyi tezliklə reallaşacaq və erməni xalqı referenduma gedərək yeni konstitusiya qəbul edəcək”
Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir.
Bu təklifin başlıca məqsədi doğrudan da Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqla bağlılığı ola bilərmi? Çünki bu ölkənin konstitusiyasında qonşulara qarşı açıq ərazi iddiaları var.
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi çox vacib və reallıqlardan doğan bir məsələdir: “Ermənistan konstitusiyasında açıq-açığına işğalçılıq meylləri və qonşulara ərazi iddiaları var. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması, bölgədə dayanılqı sülhün əldə edilməsi, Cənubi Qafqazın gələcəyi üçün konkret olaraq Ermənistan dövlət siyasətində korrektələr etməlidir. Bunun üçün isə ilk növbədə Ermənistan dövləti öz konstitusiyasını dəyişməldir. Əlbəttə ki, bu, həm Türkiyə, həm də Azərbaycan dövlətinin qətiyyətli və sərt mövqeyi nəticəsində mümkün olacaq. Bu dəyişiklik eyni zamanda bölgəmizdə yaranan yeni reallıqların təzahürüdür. Ermənsitan rəhbərliyi də yaxşı anlayır ki, qonşularla münasibətləri normallaşdırmadan gələcək inkişafdan və təhlükəsizlikdən söhbət gedə bilməz. Bunun üçün də ölkənin ana qanununun dəyişməsi labüddür. Hesab edirəm ki, Paşinyan hakimiyyətinin bu düzgün mövqeyi tezliklə reallaşacaq və erməni xalqı referenduma gedərək yeni konstitusiya qəbul edəcək. Yalnız bundan sonra qonşularla normal münasibətdən və dayanıqlı sülhdən danışmaq olar”.
Digər siyasi şərçilər hesab edir ki, Azərbaycan hakimiyyəti gələcəyi çox yaxşı başa düşür. Ona görə də, sülh müqaviləsinin imzalanması gələcəkdə Ermənistanın Azərbaycana olan torpaq iddiasına son qoymaya bilər. Bunun üçün isə ən yaxşı qarantiya sülh müqaviləsində Ermənistanın Azərbaycan torpaqlarına iddia etməyəcəyi ilə bağlı ifadənin yer almasıdır. Həmçinin Ermənistan konstitusiyası dəyişdirilməlidir. Hətta ora elə elementlər daxil edilməlidir ki, gələcəkdə torpaq iddiasına əngəl olsun. Bu mənada Paşinyanın konstitusiya islahatları ilə bağlı bəyanatı Ermənistana olan təzyiqlərin nəticəsi kimi ortaya çıxır.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistan Respublikasının Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyacı var.
Konstitusiya islahatları ilə bağlı Paşinyan ilk dəfə 2021-ci ildə çıxış edib. Həmin dövrdə də o, yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi. Parlamentdə mövzu ətrafında etdiyi son çıxışı isə onun qaldırdığı məsələni artıq reallaşdırmaq niyyətində olduğundan xəbər verir.
Məhəmmədəli QƏRİBLİ