Bələdiyyələrdə özbaşınalıq - "kupçasız" mənzillərdən qanunsuz yığılmış vergilər hara gedir…
Kamran Məmmədli: “Bələdiyyələr dövlət qeydiyyatına alınmamış tikililərdən də müxtəlif yollarla əmlak vergisi tələb edirlər”
Bələdiyyələrlə sakinlər arasında vergi ödəməklə bağlı tez-tez mübahisələr yaranır. Cari ilin ilk günündən etibarən Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça") olmayan fərdi evlərin sakinlərinə bildiriş göndərərək, onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər.
Hətta vətəndaşlara təqdim edilən tədiyyə bildirişlərində xüsusi olaraq bildirilir ki, vergini müəyyən edilmiş müddət ərzində ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Çarəsiz qalan vətəndaş da bələdiyyəyə müəyyən məbləğdə vəsait ödəyir. Təbii ki, ödənilən vəsait qanunsuzdur. Çünki evin kupçası olmadığı halda bələdiyyənin vətəndaşlardan əmlak vergisi tələb etməsi qanunsuzdur.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda da qeyd edilir ki, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir: “Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər. Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir”.
Qeyd etdiyimiz kimi, bələdiyyələr qanunsuz olaraq vətəndaşlardan əmlak vergisi toplayıb. Maraqlıdır, qanunsuz toplanan vəsaitin geri qaytarılma mexanizmi necə olacaq?
“Bələdiyyə nümayəndələrinin vətəndaşdan qanunsuz olaraq qeydiyyata alınmamış əmlaka vergi tələb etməsinə də hüquqi baxımdan məsuliyyət nəzərdə tutulmalıdır”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bələdiyyələr yalnız dövlət qeydiyyatına alınmış əmlakdan vergi tələb edə bilər: “Bu gün bələdiyyələrin ərazisində xeyli sayda dövlət qeydiyyatına alınmamış əmlak var. Çox təəssüf ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış tikililərdən də müxtəlif yollarla əmlak vergisi tələb edirlər. Əmlak, sahəsinə görə vergiyə cəlb olunur. Qeydiyyatı olmayan əmlakın sahəsinin nə qədər olması mübahisəli olduğundan və qeydiyyatı olmadığından, hüquqi baxımdan vergiyə cəlb olunması qeyri-mümkündür. Bələdiyyələrin müxtəlif vasitələrdən istifadə edərək belə evlərdən vergi yığması qanunsuzdur. Əmlak əvvəlcə qeydiyyata alınmalı, daha sonar vergiyə cəlb olunmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bələdiyyələrin fəaliyyətlərində şəffalıq olmalıdır: “Bələdiyyələr paytaxt Bakıda və Bakı ətrafında, eləcə də regionlarda özfəaliyyətləri ilə bağlı ərazi üzrə vətəndaşlara hesabat vermirlər. Verdikləri hesabat isə əksər hallarda yarımçıq olur. Bələdiyyələr hesab edir ki, yığdıqları vergini istədikləri kimi xərcləyə bilərlər. Bələdiyyə öz ərazisində olan vətəndaşların problemlərinin həllinə də dəstək olmaldır. Amma təəssüf ki, bələdiyyələr ərazidə yaşayan vətəndaşların bir çox problemlərindən yaxalarını kənara çəkirlər. Çünki bələdiyyələr onlara verilmiş hüquqlardan, onlara verilmiş vəzifələrin icrasından da bir çox hallarda yayınırlar”.
Ekspert hesab edir ki, bələdiyyə nümayəndələrinin vətəndaşdan qanunsuz olaraq qeydiyyata alınmamış əmlaka vergi tələb etməsinə də hüquqi baxımdan məsuliyyət nəzərdə tutulmalıdır: "Təəssüf ki, qanunvericilikdə vergiyığanın üzərinə hər hansı məsuliyyət qoyulmayıb. Ona görə də, bəzən verginin qanunsuz yığılması hallarına yol verilir. Bu məsələ də qanunla tənzimlən məlidir ki, bələdiyyələr dövlət qeydiyyatına alınmamış əmlaka görə vətəndaşın qapısını döyüb vergi tələb etməsin”.
Günel CƏLİLOVA