Qərb mina xəritələrinə görə Ermənistana təzyiq mövzusunu unudub - qurbanlar isə 342-yə çıxdı...
Azər Həsrət: “Azərbaycanın güclü olması bəzi dövlətləri, beynəlxalq təşkilatları ciddi şəkildə narahat edir, bu səbəbdən də…”
Xain düşmən mina xəritələrini təhvil verməkdən imtina edir. Dinc sakinlərimizi mina terroru ilə qarşı-qarşıya qoyan Ermənistan tərəfindən vaxtilə işğal altında saxlanılan torpaqlarımızda basdırılan minalara dair xəritələrin tam şəkildə Bakıya hələ də təqdim edilməməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
Hələ Birinci Qarabağ müharibəsi zamanı xain düşmən tərəfindən ərazilərimiz minalanıb. İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra verilən məlumatlara görə, işğaldan azad olunan ərazilərdə 1 milyondan çox mina və partlamamış hərbi sursat var. Təəssüf ki, mina qurbanlarının sayı artmaqda davam edir. Yanvarın 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, Ağcabədi rayon sakini, 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məsələyə toxunaraq paylaşım edib. Paylaşımda qeyd edilir ki, Ermənistanın yerləşdirdiyi minalar günahsız mülki əhali üçün təhlükə yaratmaqda davam edir: “Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bu yana qurbanların sayı 342 nəfərə çatıb. Hamı Ermənistana təzyiq göstərməlidir ki, mina xəritələri haqqında dəqiq məlumat alsın”.
Müharibə bitsə də, dünya ermənilərin mina xəritələrini verməməsinə getdikcə daha laqeyd olmağa başlayır. Qərb təşkilatları bu məsələyə heç bir diqqət ayırmır.
Maraqlıdır, bu məsələ necə həll olunmalıdır?
“Ermənistanın mina xəritəsini verməməsi onların cinayətkar bir ölkə olduğunu bir daha nümayiş etdirir”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müharibə bitsə də, mina təhlükəsi hələ də davam edir: “İşin ən pis tərəfi də odur ki, Azərbaycan əhalisi hələ mina ilə bağlı əziyyət çəkəcək. Ermənistanın mina xəritəsini verməməsi onların cinayətkar bir ölkə olduğunu bir daha nümayiş etdirir. Belə bir cinayəti beynəlxalq qurumlar, xüsusilə Azərbaycanı mütəmadi olaraq hər xırda məsələdə ittiham edən təşkilatlar görməzdən gəlir. Təəssüf ki, onlar buna heç məhəl qoymur. Azərbaycan tərəfi mina problemini qlobal səviyyədə dilə gətirir. Bu problemlə bağlı müxtəlif tədbirlər həyata keçirir, çağırışlar edir, yardım, diqqət istəyir. Ancaq təəssüflər olsun ki, nə reaksiya, nə diqqət göstərən var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın güclü olması bəzi dövlətləri, beynəlxalq təşkilatları ciddi şəkildə narahat edir: “Bu səbəbdən də onlar Azərbaycanın probleminə diqqət ayırmır. O cümlədən, bizi hansısa pis əməldə ittiham etməyi üstün tuturlar. Həmin dövlətlər bilməlidir ki, Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etdiyi kimi, həmin əraziləri günün birində minalardan tam şəkildə təmizləyəcək”.
Günel CƏLİLOVA