Azərbaycan-Ermənistan sərhədi yaradılır, ya bərpa olunur - Paşinyan yenə dolaşdı...
Mətin Məmmədli: “Paşinyanın məlum açıqlaması kifayət qədər ziddiyyətli açıqlamadır, ciddi əsasları yoxdur”
“Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sərhədlər yaratmamalıdır, 1991-ci ildə və ya Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhəd bərpa edilməlidir”. Erməni mediasına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında sülh sazişi üzərində işin təfərrüatlarını təqdim edərkən deyib.
Paşinyan "Ermənistan Respublikasının ərazi bütövlüyü nədir” sualına cavab verərkən isə deyib ki, 6 oktyabr 2022-ci ildə Praqada Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması barədə razılıq əldə olunub.
Paşinyan deyib ki, məqsədimiz Azərbaycanla Ermənistan arasında sərhəd yaratmaq deyil, onu bərpa etməkdir.
Harda sərhəd mövcud olub ki, Ermənistan da onu bərpa edə? Paşinyanın yanaşması nə dərəcədə doğru yanaşmadır? Sərhəd olubmu ki, o da bərpa olunsun? Sərhəd var idisə ermənilər 30 il əvvəl o sərhədi niyə keçib gəlib Azərbaycan torpaqlarını işğal etdilər?
“Bu sərhədlərin olmamasının əsas günahkarı, səbəbkarı da Ermənistan olub”
Məsələyə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli “Bakı-Xəbər”ə “Paşinyanın məlum açıqlaması kifayət qədər ziddiyyətli açıqlamadır, ciddi əsasları yoxdur. Çünki hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanla Ermənistan arasında müəyyənləşdirilmiş sərhədlər olmayıb. Bu sərhədlərin olmamasının əsas günahkarı, səbəbkarı da Ermənistan olub. Bildiyiniz kimi, Ermənistan Qarabağı işğala başladıqdan qısa müddət sonra Qarabağ ətrafındakı rayonları da işğal edib. Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının işğalından sonra, demək olar ki, böyük bir ərazi Ermənistanın nəzarəti altına düşüb. Ermənistan sərhədi Sovet dövründə mövcud olan sərhəd xəttləri ilə deyil, gəlib Ağdamda qurmuşdu. Yəni onların düşüncəsində məhz sərhəd Ağdamda, Füzulidə idi. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra, təbii ki, yeni bir problem, məsələ ortaya çıxdı - iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi”.
M.Məmmədlinin sözlərinə görə, Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və məntiqə əsaslanır. “Bu ondan ibarətdir: gəlin, bunun bir metodologiyasını müəyyənləşdirək ki, hansı prinsiplər əsasında sərhədlər müəyyənləşməlidir. Mən də hesab edirəm və dövlətimizin də mövqeyi belədir ki, ilk növbədə Sovetləşmədən sonra qəbul olunan müəyyən xəritələr var və həmin xəritələr ortaq müzakirə olunmalıdır, həmin xəritələrə istinad edilərək sərhədlər müəyyənləşdirilməlidr. Ermənistanın isə mövqeyi ondan ibarətdir ki, məhz Azərbaycandan Ermənistana verilən torpaqlar yekunlaşdıqdan sonra (bu təxminən ötən əsrin 70-ci illərinə qədər davam edib-M.M) 1974-cü il xəritəsi ilə sərhədlər müəyyənləşdirilsin. Bu da, qeyd etdiyim kimi, nə hüquqi, nə də siyasi baxımdan doğru yanaşmadır. Əgər biz Sovetlər dövründəki xəritələrə istinadən sərhəd müəyyənləşdiririksə, ilk növbədə Sovetləşmədən sonra tərtib edilmiş xəritələri əsas götürüb, ortaq müzakirə edib onun əsasında sərhədlərimizi müəyyənləşdirməliyik. Ermənistanın yanaşması isə birtərəfli yanaşmadır. Bu baxımdan, Ermənistanın mövqeyi Azərbaycan tərəfindən qəbul edilmir” - deyə M.Məmmədli qeyd etdi.
İradə SARIYEVA