Türkiyədən Qərb kəşfiyyat təşkilatlarına xəbərdarlıq - artıq istədikləri kimi ölkəyə girib-çıxa bilməyəcəklər...
Türkiyə Qərb ölkələrinin xüsusi xidmət orqanları qarşısında yeni tələb qoyub. Türkiyə mətbuatının yazdığına görə, Qərb kəşfiyyat təşkilatları bundan sonra Ankaraya müvafiq məlumat vermədən Türkiyə ərazisində əməliyyat keçirə bilməyəcəklər.
Qeyd edilir ki, əvvəllər bəzi Qərb kəşfiyyat təşkilatları Türkiyəyə icazəsiz girib-çıxaraq işlə məşğul olmağa müvəffəq olublar.
Yerli media tərəfindən kimliyi açıqlanmayan türk diplomat bildirib ki, Qərb kəşfiyyat xidmətlərinin təyyarələri Türkiyəyə daxil olur, dayanır və gedirlərmiş, Türkiyə hakimiyyətinin isə təyyarədə kimin olması və nə etdikləri barədə heç bir məlumatı olmayıb.
Türkiyəli mənbə, ölkə hakimiyyətinin Qərb xüsusi xidmət orqanlarına məlumat mübadiləsi olmadan belə əməliyyatların həyata keçirilə bilməyəcəyini söylədiyini deyib. Türk mediası Qərbin buna reaksiya verdiyini də yazır.
“Əvvəlcə sərt reaksiya verdilər. Söz-söhbətlər yayılmağa başladı ki, bu, İrana dəstək deməkdir, amma boşuna idi, çünki Türkiyə müstəqil dövlət olaraq öz milli mövqeyini ortaya qoydu, deyildi ki, nəsə edəcəksənsə, bizə məlumat verməlisiniz” - anonim diplomatik mənbə deyib.
Tahir TAĞIYEV