Amerika ordusuna qarşı 100 min döyüşçü... Ərəb mətbuatı İranın planını yazdı – ABŞ-ı Yaxın Şərqdən qovacaqlar...
Oktyabrın 7-də HƏMAS qüvvələrinin qurudan və havadan İsrailə hücumundan sonra İranın da bu hücumlarda rol aldığı xəbərləri yayılmağa başlandı. Ancaq HƏMAS-ın hücumunda İranın rolunu dini lider Əli Xamneyinin özü təkzib etsə də, hücumu həyata keçirənlərin əllərini öpdüyünü söyləməkdən çəkinmədi. İsrail və HƏMAS arasında 107 gündür davam edən müharibəyə İranın dəstəklədiyi husilər və Hizbullah da qoşulub.
Müharibə genişləndikcə İran İnqilab Keşikçiləri Korpusunun Livan və Suriyadakı hərbi rəhbərləri İsrail tərəfindən bir-birinin ardınca öldürülməsi də diqqət çəkir. Sonuncu belə hücum dünən baş verib. “Mehr” xəbər agentliyi İran İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı kəşfiyyat rəisinin də hücumda öldürüldüyünü açıqlayıb. İran prezidenti İbrahim Rəisi isə Dəməşqdə beş yüksək vəzifəli İran təhlükəsizlik məmurunun öldürüldüyü hücumun cavabsız qalmayacağını bildirib.
Bu arada, MiddleEastEye saytı İranın ABŞ-ı Yaxın Şərqdən tamamilə çıxarmaq planı və Vaşinqtonun bu plana necə cavab verəcəyindən yazıb. İranın dəstəklədiyi İraq paramilitar qüvvələrinin ABŞ-a hücumlarını ötən sentyabr ayına qədər dayandırdığı xatırladılan təhlildə, bu qrupların oktyabrın 7-dən sonra yenidən fəallaşdığını bildirilir. İranın dəstəklədiyi döyüşçülərin İraqda ABŞ ordusuna qarşı 70 müxtəlif hücum təşkil etdiyini bildirən təhlilçilər, ABŞ və İranın geri addım atmamaq üçün Yaxın Şərqdə gərginliyi daha da artıracağını bildirib.
İranın əsas məqsədinin ABŞ-ı İraqdan tamamilə çıxarmaq olduğunu bildirən sayıt Qəzzadakı müharibənin İranın planlarını həyata keçirmək üçün bir fürsət olduğunu yazıb. Buna uyğun olaraq İran hökuməti İraqda fəaliyyət göstərən Haşdi Şabi döyüşçülərinə təxminən 700 milyon dollar büdcə ayırıb və onların sayını 100 minə çatdırmaq niyyətindədir.
Ancaq analitiklərin fikrincə, hətta İraq hökuməti və Hizbullah da ABŞ-ın İraqdan tamamilə çıxarılmasını istəmirlər, çünki onların Vaşinqtonla maliyyə əlaqələri var.
Tahir TAĞIYEV