Rusiyalı deputatdan boşanmaların qarşısını almaq üçün qalmaqallı təklif - Boşananları müharibəyə göndərək
Rusiya Dövlət Dumasının üzvü, deputat Vitali Milonov ölkədə artan boşanmaların qarşısını almaq üçün qalmaqallı təkliflə çıxış edib. Milonov nikahlarını pozan insanları dövlətin cəzalandırması gərəkdiyini deyərək boşananları Ukraynadakı döyüş bölgəsinə göndərməyi təklif edib.
Rusiya Liberal Demokrat Partiyasının 35 yaşından tez evlənənlərə dövlət tərəfindən 10 min rubl (113 dollar) mükafat verilməsi təklifinin müzakirə olunduğu iclasda kürsüyə çıxan hakim Vahid Rusiya Partiyasının deputatı Milonovun sözləri salonda şok effekti yaradıb.
Milonov bildirib ki, Rusiyada əsl problem evliliklərin az olması deyil, boşanmaların çox olmasıdır: “Bu səbəbdən boşananlara 100 min rubl cərimə və Rusiyanın Ukraynadakı hərbi əməliyyatında iştirak cəzası verilməsini təklif edirəm”.
Rusiya parlamentində Ailənin Mühafizəsi Komitəsinin sədr müavini olan rusiyalı deputat bildirib ki, həyat yoldaşını aldadaraq nikahını pozan insanlar bunun da maddi bədəlini ödəməlidirlər. Milonovun mübahisəli təklifi müxalifətin sərt reaksiyasına səbəb olub.
Rusiyada keçən ilki məlumatlara görə, boşanmalarla evlilik rəqəmləri arasında fərq sürətlə yaxınlaşır.
Qeyd edək ki, 2013-cü ildə Kremldə qatıldıqları balet tamaşasından sonra dövlət televiziyasına açıqlama verən prezident Putin və həyat yoldaşı da ortaq boşanma qərarı verdiklərini açıqlamışdılar. Vladimir və Lyudmila Putin 28 iyul 1983-cü ildə evləniblər. Cütlüyün Mariya və Yekaterina adlı iki qızı var.
Tahir TAĞIYEV