“İlyuşin” Bakıdan Naxçıvana 14 reys silah daşıyıb? - Yeni erməni-fransız yalanı…
Mətin Məmmədli: “Bakıdan Naxçıvana uçuşun keçirilməsində heç bir qəbahət yoxdur, çünki Naxçıvan da Azərbaycanın ərazisidir”
“Göyərtəsində silah olan "İlyuşin" təyyarəsi Bakı ilə Naxçıvan arasında 14 uçuş həyata keçirib”. Bunu Fransanın “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Buisson öz Tvitter hesabında yazıb.
O qeyd edib ki, hərbi texnika ilə birlikdə 1 “İlyuşin” yük təyyarəsi (yükgötürmə qabiliyyəti 50 ton) son 2 həftə ərzində Bakı ilə Naxçıvan arasında 14 uçuş həyata keçirib: “Bir “İlyuşin” yük təyyarəsi hərbi texnika ilə son 2 həftə ərzində Bakı ilə Naxçıvan arasında 14 uçuş həyata keçirib, bu anklav İrəvandan 100 km-dən az məsafədə yerləşir”.
Maraqlıdır, Bakıdan Naxçıvana göndərilən təyyarələr erməni və fransızları niyə narahat edir? Həmçinin, Azərbaycanın silah aparmaq üçün başqa vasitəsi yoxdurmi ki, Jan-Kristof Buisson bu məsələyə toxunub?
“Le Figaro” qəzeti dəfələrlə Azərbaycan haqqında əsası olmayan məlumatlar, məqalələr yazıb və bunu ictimailəşdirirlər”
Siyasi sərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar Fransa və həmin ölkənin bir sıra media orqanları ölkəmizə qarşı bilərəkdən qərəz nümayiş etdirir: “Xüsusilə “Le Figaro” qəzeti dəfələrlə Azərbaycan haqqında əsası olmayan məlumatlar, məqalələr yazıb və bunu ictimailəşdirirlər. Son yayılan məlumatla bağlı onu demək istərdim ki, bu qərəzdir. Danılmaz faktdır ki, Bakıdan Naxçıvana uçuşun keçirilməsində heç bir qəbahət yoxdur. Çünki Naxçıvan da Azərbaycanın ərazisidir. Burada qeyri-qanuni heç bir iş yoxdur. Onu da nəzərə almaq lazımdır ki, Naxçıvanın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti hər zaman Naxçıvanın təhlükəsizliyinə böyük önəm verir və verəcək də. Naxçıvana təyyarə göndərilibsə, burda qanunsuzluq yoxdur. Bu səbəbdən də Ermənistan, Fransa və ya başqa bir dövlət bu məsələdən narahat olmamalıdır”.
Günel CƏLİLOVA