Bakıda soyğunçuluq və quldurluq cinayətinə görə 42 qrup ifşa olunub - BŞBPİ rəisi hesabat verdi...
Ötən il paytaxtda 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.
İdarə rəisi bildirib ki, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin - 33 milyon 748 min 928 manatın ödətdirilməsi təmin olunub.
Əkbər İsmayılov bildirib ki, ötən il paytaxtda qeydə alınan 15 min 759 cinayətin 82,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,2 faizi ağır və xüsusilə ağır növlər olub.
General-mayorun sözlərinə görə, 2022-ci illə müqayisədə hesabat dövründə ehtiyatsızlıqdan adamöldürmə 2 dəfə, ümumi cinayətlər 5,8, ağır və xüsusilə ağır cinayətlər 14,8, az ağır cinayətlər 5,7, soyğunçuluq 27,5, quldurluq 23 faiz azalıb. Ümumilikdə 167 odlu silah, 65 qumbara, 3834 ədəd döyüş sursatı yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 78 odlu silah əməliyyat yolu ilə götürülüb.
TAHİR