Rusiya Ukraynada 60-dan çox fransız əsgərini öldürdü – Makronun Moskvadakı səfirinə də xəbərdarlıq etdi...
Fransanın Moskvadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Fransa səfirinin Ukraynada rus ordusu tərəfindən öldürüldüyü bildirilən fransız muzdlularla bağlı nazirliyə çağırıldığını bildirib.
"Fransa səfiri Xarkov şəhərində xarici döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Öldürülən əcnəbi döyüşçülər arasında onlarla fransız əsgəri də var", - deyə Zaxarova TASS-a bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yüksək dəqiqlikli silahlarla Ukraynanın Xarkov şəhərində xarici döyüşçülər üçün müvəqqəti yerləşdirilmə məntəqəsində olan əksəriyyəti fransız 60-dan çox muzdlu əsgəri öldürdüklərini, 20-dən çox muzdlunu isə yaraladıqlarını bildirib.
Tahir TAĞIYEV