2023-cü ildə Azərbaycanın özünün istehsal etdiyi avtomobillər hara satılıb?..
Fərid Həşimov: “Daxili istehsal olan avtomobilləri Yaxın Şərq istiqamətindəki ölkələrə satmaq olar”
13 ildir ki, Azərbaycanda avtomobil istehsalına başlanılıb. Naxçıvanda “Lifan”, “FAW”, “Changan”, Neftçala zavodunda isə “Khazar”, “AzSamand” və “Peugeot” markalı avtomobillər istehsal olunur.
Amma bu müddət ərzində yerli avtomobillərin satış tempi qalxmayıb. Əksinə, illər keçdikcə aşağı düşür. Son illər isə yerli istehsal olan avtomobillərdən imtina edilir.
İstehsal bir qədər artsa da, istifadədə kəskin azalma müşahidə edilir. Hətta bir vaxtlar dövlət müəssisələri yerli istehsala üstünlük verirdisə, hazırda bu prosesin əksi baş verir.
Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanda 3738 ədəd minik avtomobili, 662 ədəd traktor və 799 ədəd yük avtomobili yığılıb. 1.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 17 ədəd təşkil edib. 01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 859 ədəd təşkil etmişdi. Beləliklə, anbarlarda olan avtomobillərin böyük hissəsi dekabr ayında satışa göndərilib.
Maraqlıdır, yerli istehsal avtomobillər niyə anbarlarda qalıb? Ümumiyyətlə, Azərbaycan istehsalı olan nəqliyyat vasitələrinə maraq necədir? Hansı ölkələrə ixrac olunur?
“Azərbaycan böyük dünya şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkədə hibrid və elektromobillərin müəyyən detallarının istehsalını qurmağa çalışmalıdır”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli avtomobillərin ehtiyat hissələri də xaricdən alınmamalı, yerli istehsal olmalıdır: “Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Belə olmasın deyə biz ehtiyat hissələrinin istehsalına önəm verməliyik və bunun üçün Azəbaycanda çox ciddi potensial var. Ehtiyat hissələri bacardıqca ucuz olmalıdır. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaşlarımız eyni qiymətə olan yerli istehsaldan daha çox xarici istehsala üstünlük verirlər. Düşünürlər ki, yerli istehsal brend deyil və müəyyən texniki problemlərlə üzləşə bilərlər. Bu fikrin aradan qaldırılması üçün Azərbaycan brendləri özünü yerli bazarda sübut etməlidir. Dövlət müəssisələri və vətəndaşlar bu avtomobillərin alıcılarına çevrilməlidirlər. Əks təqdirdə bu problem illərlə davam edəcək və yerli istehsal heç vaxt xarici brend avtomobillərini üstələyə bilməyəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünyada elektromobil istehsalına sürətli keçid dövrü yaşanılır. Son zamanlar Azərbaycanda da belə avtomobillərin sayı artıb. Onların da çoxu Çindən gəlir. Bundan başqa, gömrük rüsumlarından azad olunublar. Hər bir məsələdə rəqabətədözümlülük nüansı var: “Daxili istehsal olan avtomobilləri Yaxın Şərq istiqamətindəki ölkələrə satmaq olar. Ya da müasir dövrün tələblərin uyğun şəkildə modernizasiya etdikdən sonra xarici ölkələrə satmaq olar. Onu da deyim ki, qlobal səviyyədə gedən proseslər göstərir ki, yaxın gələcək hibrid avtomobillər və elektromobillərin olacaq. Buna görə də Azərbaycan böyük dünya şirkətləri ilə əməkdaşlıq çərçivəsində ölkədə hibrid və elektromobillərin müəyyən detallarının istehsalını qurmağa çalışmalıdır. Bu detallar ilkin mərhələdə neft məhsullarından əldə olunan detallar ola bilər. Daha sonra digər detalların da istehsalını və hibrid və elektromobil istehsalını qurmaq olar. Belə avtomobillərə bazar tapmaq elə də çətin olmayacaq. Bu sahəni inkişaf etdirmək üçün dost və qonşu olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmaq yaxşı olardı. Məlumdur ki, son illər Özbəkistanda avtomobil sənayesi çox inkişaf edib. Elə Azərbaycanla memorandum imzalayan “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin özünün də bir neçə avtomobil zavodu fəaliyyət göstərir. Həmin şirkətin illik dövriyyəsi isə təqribən 4 milyard dollara yaxındır. Onu da deyim ki, Özbəkistan şirkəti kifayət qədər sanballı və istehsal etdiyi maşınları dünyanın bir sıra ölkələrinə satan tanınmış avtomobil istehsalçısıdır”.
Günel CƏLİLOVA