Rusiya XİN danışıqlarda irəliləyişin olmamasına görə İrəvanı günahlandırdı - Onlara kimin nə məsləhət verdiyini bilmirəm...
Azərbaycan Rusiya platformasında Ermənistanla sülh sazişi imzalamağa hazırdır, İrəvanın mövqeyi isə məlum deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizim Qərb həmkarlarımızın sülh sazişinin yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın sazişi münaqişənin dayandırılması səylərinin başladığı Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə qədər hazır olması mənə məlum deyil”, - deyə Lavrov bu gün illik mətbuat konfransında bildirib.
O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə danışıqlarda irəliləyişin olmadığını qeyd edib. Lavrov hesab edir ki, buna səbəb fəal şəkildə Qərb ölkələrinin məsləhətlərinə qulaq asan Ermənistanın mövqeyidir. “İrəvana kimin nə məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvətsiz bu proseslərə daxil olmağa başladılar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı və ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını Moskvanın iştirakı olmadan özünəməxsus şəkildə təşkil etmək istəyir.
Eyni zamanda, Lavrov “3+3” regional formatını perspektivli hesab edir. “Mənə elə gəlir ki, zamanla məhz bu format perspektivli olacaq, çünki hansısa qlobal geosiyasi konyunkturadan asılı deyil və hazırda Vaşinqtonun Brüsseldən olan həmkarları ilə inkişaf etdirdiyi hegemonluğun qorunub saxlanması uğrunda geosiyasi oyundan azaddır”, - deyə o vurğulayıb.
ZÜMRÜD