Pakistan sərt xəbərdarlıqdan sonra İranı vurdu...
Orta Şərqdə gərginlik gündən-günə artır. İranın Pakistana hücumundan bir gün sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) polkovniki ölkənin cənub-şərqində naməlum şəxslər tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində öldürülüb.
İran dövlət televiziyasının xəbərinə görə, polkovnik Hüseyn Əli Cavidanfer ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Zahedan-Həş avtomobil yolunda naməlum şəxslərin silahlı hücumuna məruz qalıb və ölüb.
Hücum edənlərin müəyyən edilərək tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.
Sui-qəsdin İranın eyni bölgədə fəaliyyət göstərən “Ceyşul Ədl” adlı təşkilatın Pakistan sərhədindəki düşərgələrini vurduğunu elan etməsindən sonra baş verməsi diqqət çəkir.
Gecə isə Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə bir neçə raket zərbəsi endirib. İranın Sistan və Bəluçestan vilayəti valisinin müavini Əlirza Mərhəməti deyib ki, yerli vaxtla 4:30-da raket zərbələrinin endirilməsi nəticəsində bir neçə partlayış baş verib.
Partlayışlarda İran vətəndaşları olmayan 3 qadın və 4 uşaq ölüb.
Pakistan Xarici İşlər Nazirliyi də İranın Sistan-Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı həssas hərbi hücumlar həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, Pakistan İranda Pakistan əsilli terrorçuların nəzarətsiz ərazilərdə təhlükəsiz sığınacaqlar yerləşdiyinə dair narahatlığını daim bölüşüb və bununla bağlı konkret sübutlar təqdim edib.
Pakistan bildirib ki, bugünkü əməliyyatın yeganə məqsədi "Pakistanın öz təhlükəsizliyi və milli maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür və heç vaxt təhlükə altına düşə bilməz".
İran iki gün əvvəl “Ceyşul Ədl” təşkilatının Pakistandakı düşərgələrinin raketlər və pilotsuz uçuş aparatları vurduğunu açıqlayıb. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hücumların İranda 12 mühafizəçinin öldürüldüyü hadisəyə görə məsuliyyəti öz üzərinə götürən “Ceyş əl-Adl” adlı təşkilata qarşı həyata keçirildiyini, təşkilat üzvlərinin iranlı olduğunu və Pakistan vətəndaşlarının hədəf alınmadığını bildirib.
Pakistan Xarici İşlər Nazirliyindən İranın ölkənin hava məkanını səbəbsiz şəkildə pozması şiddətlə pislənilib və hücumda 2 uşağın həyatını itirdiyi, 3 qızın isə yaralandığı bildirilib. Bəyanatda Pakistanın suverenliyinin bu cür pozulmasının qəbuledilməz olduğu və bunun ciddi nəticələrə səbəb ola biləcəyi qeyd edilib. Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç da İranın Pakistanın suverenliyini pozmasından sonra Tehrandakı səfiri geri çağırdıqlarını və bütün yüksək səviyyəli səfərlərin ləğv edildiyini bildirib.
Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri İranın Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantların masada olduğunu bəyan ediblər.
Mənbələr bildirib ki, İran sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Ədl” adlı silahlı qrupa qarşı hücum təşkil etdiyini iddia edir, lakin Tehran günahsız uşaqlara hücum edib.
Mənbələr Pakistanın İranın hücumuna tələsik reaksiya vermədiyinə diqqət çəkərək, 2019-cu ilin fevralında Balakotda Hindistana verilən cavabı xatırladıb və İslamabadın “cavab verməkdə” çox güclü olduğunu qeyd ediblər.
Məsələ ilə bağlı müzakirələrin davam etdiyini bildirən mənbələr, İranın hücumuna cavab olaraq bütün variantların masa üzərində olduğunu bildirib.
Tahir TAĞIYEV