Fransa Senatında anti-Azərbaycan qətnaməsinə qarşı çıxan yeganə senator danışdı - "...sülhə qarşı yönəlib"
Bu gün Fransa Senatı 336 "lehinə", 1 "əleyhinə" olmaqla Azərbaycan əleyhinə qətnamə qəbul edib. Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur.
Natali Qule çərşənbə günü Trend-ə bildirib ki, bu gün Fransa Senatında qəbul edilən qətnamə Cənubi Qafqazda sülhün əleyhinə yönəlib.
"Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar".
Qule əlavə edib ki, Fransadakı erməni diasporu çox təhlükəli oyun oynayır.
"Bu, faydasız fəaliyyətdir və sülhə qarşı yönəlib", - deyə senator vurğulayıb.
Qeyd edək ki, bu gün Senatda 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” qətnaməsinin müzakirəsi keçirilib.
Qətnamədə həmçinin Qarabağın erməni əhalisinin geri qayıtmaq hüququna təminat verilməsi tələb olunur.