Zəfər bayraqlı şəhidlər...
44 günlük haqq savaşımızda Vətənin qəhrəman oğlanlarının qazandığı qələbə yeni, şanlı tariximizə qeyrət, hünər səhifəsi kimi yazıldı.
Doğrudur, bu yolda minlərlə şəhidimiz oldu. Onların hər biri Vətən səmasının əbədi parlaq günəşinə çevrilib mənən diri olaraq qalxdıqları rəşadət zirvəsindən xoş gələcəyimizə boylanır. Fəqət, qanı bahasına torpağı Vətən edənlər heç zaman ölmürlər. Şəhidlər qəlbimizdə yaşamaqla, onlar öz xalqı üçün iftixar mənbəyi, qürur yeridir. Həyatdan vaxtsız getsələr də, səpdikləri qəhrəmanlıq toxumları indi Vətənin daimi yaşaması naminə minlərlə ürəkdə boy verir.
Bu, şərəfli, müqəddəs yolda Astara rayonunda da çoxlu gənc şüurlu surətdə özünü Vətən, torpaq uğrunda fəda etdi. Burada böyük də, kiçik də qan töküb ulu torpağın bağrına zəfər bayrağını sancan şəhidləri hər an böyük ehtiramla xatırlayır.
Bu günlər Astara Pedaqoji Kollecin direktoru, şəhid atası, professor Kamran Kazımov başda olmaqla bir qrup əməkdaş şəhid ailə üzvlərini ziyarət ediblər. Əvvəlcə kollecin Maliyyə-informasiya şöbəsinin müdiri Nuranə Fərəcovanın həyat yoldaşı, şəhid mayor Kamran Fərəcovun ata ocağında olublar. Daha sonra kollecin digər işçisi, şəhid anası Rəna Qeybiyevanın oğlu, şəhid Arif Qeybiyevin ailəsinə baş çəkiblər. Eyni zamanda ziyarətçilər şəhərin ən görkəmli yerində şəhidlərin xatirəsinə salınmış abidə kompleksinin önündə durmaqla qürur və heyrət doğuran məqamlar yaşayıblar.
Söhbət əsasında bildirilib ki, şəhidlik ən uca zirvədir. Onların qısa ömür yolu fədakarlıq, mərdlik, Vətənə sevgidir. Ölümü ilə ölümsüzlük qazanan şəhidlər qəlbimizdə qəhrəmanlıq simvoluna çevrilərək, tarixin yaddaşında silinməz iz qoyublar.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü