Qızılca azyaşlılardan gənclərə keçdi...
Pərvanə Mustafayeva: “Böyük insanlar bu xəstəliyi daha ağır keçirirlər, onlar…”
Ölkədə qızılca xəstəliyi artıq geniş vüsət alıb. Həm şagirdlər, həm də tələbələr arasında yayılan bu virus insanların narahatlığına səbəb olub. Çox təəssüf ki, sözügedən virusa yoluxanlar arasında da ölüm sayları artmaqdadır.
Əvvəllər azyaşlıların qızılcaya yoluxduğu və buna görə ölümə dair xəbərlər eşidirdik. Lakin vəziyyət bir qədər dəyişib. Belə ki, artıq gənclər arasında da yoluxma və ölüm hallarına şahidlik edirik. Bəs qızılcaya yoluxma və ölüm yaşı nə üçün artır?
“Qızılca yoluxucu xəstəlikdir, kəskin pnevmaniyaya və beyin ödəminə gətirib çıxara bilər, ölümün də əsas səbəbi budur”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirib ki, xəstəliyin epidemiolji həddə çatmaması üçün ilk növbədə vaksin işi sürətləndirilməli və uşaqlar peyvənd olunmalıdır: “Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıb, uşaqlar peyvənd olunmayıb. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənarda qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da qızılcadan kütləvi uşaq ölümü olurdu. Bu gün də eyni şeyin şahidiyik. Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmaniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yaxalanır: “Böyük insanlar bu xəstəliyi daha ağır keçirirlər. Onlar xəstəxana şəraitində və həkim nəzarətində olmalıdırlar ki, xəstəlik ağırlaşmasın. Çünki qızılca zamanı xəstəliyin ikinci ağırlaşmaları da ola bilər. Zamanında müdaxilə olunmazsa, xəstəlik ağırlaşa və xəstə həyatını itirə bilər. Qızılcanın bütün dövrlərdə öldürücü xüsusiyyəti olub. İddia edə bilmərik ki, əvvəllər qızılcanı keçirən hər kəs sağalırmış, heç birində ağırlaşma olmurmuş, yalnız indiki öldürür. Yox, elə əvvəllər də bu virusun öldürücülüyü vardı, indi də var. Hər hansı dəyişiklik müşahidə edilmir. Sadəcə, qızılca xəstəliyini yüngül və ağır keçirənlər ola bilər. Bakterial ağırlaşmalar da mümkündür”.
Günel CƏLİLOVA