İrəvan aeroportunda rus əsgərləri olar, Mehri dəhlizində olmaz?..
Əli Orucov: “Həqiqətən də Ermənistanın bununla bağlı ortaya atdığı arqumentlərin əsası yoxdur”
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il razılaşmasına görə, Ermənistan Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidir. O cümlədən, Zəngəzurdan keçəcək dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Ancaq Paşinyan hakimiyyəti Rusiyanın nəzarətinə qarşıdır.
Bu arada Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində haqlı olaraq dedi ki, necə olur, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə, İran sərhədində qala bilir, amma Zəngəzur dəhlizində qala bilməz?: “Mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər?”.
“Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucovun fikrincə, Prezidentin məlum arqumentləri tamamilə reallığı özündə əks etdirir: “Həqiqətən də Ermənistanın bununla bağlı ortaya atdığı arqumentlərin əsası yoxdur. Əvvəla, Ermənistan bununla bağlı 10 noyabr üçtərəfli razılaşmasında üzərinə öhdəlik götürüb. Bəzən deyirlər ki, 10 noyabr razılaşması parlamentlərdə ratifikasıya olunmadığı üçün bunun hüquqi qüvvəsi yoxdur. Hesab edirəm ki, bu o qədər də doğru yanaşma deyil. Ona görə ki, bu razılaşmada 3 dövlət başçısının imzası var. O baxımdan bu amili nəzərdən qaçırmaq doğru olmaz. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bu gün Rusiyanın Ermənistanda hərbi bazaları var. Ermənistanın hava məkanını Rusiya qoruyur. Ermənistanın Türkiyə və İranla olan sərhədlərini rus sərhədçiləri mühafizə edir. Üstəlik, Ermənistan Rusiya ilə birlikdə KTMT-də, Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Belə olan halda Ermənistanın Zəngəzur dəhlizinə Rusiya FTX-nin nəzarət etməsinə qarşı çıxmasının siyasi əsası yoxdur. Bu, Ermənistanın ortaya atdığı növbəti bəhanədir. Digər tərəfdən, bunun arxasında Qərb dayanır. Məsələ ondadır ki, Qərb Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. Xüsusən də Birləşmiş Ştatlar buna qarşıdır. Paşinyanın dəhlizə nəzarət məsələsində bu dərəcədə dirəniş göstərməsi həm də bununla bağlıdır. Yoxsa erməni tərəfi Rusiyaya qarşı çıxmağa bu dərəcədə cəsarət etməzdi”.
Vidadi ORDAHALLI