Deyək ki, yumurta Rusiyaya görə bahalaşıb, bəs başqa ərzaqlar niyə?..
Akif Nəsirli: “Yumurtanın satış qiymətinin qalxması Rusiyaya ixracatla bağlıdır”
2023-cü ilin dekabr ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində olub.
Qeyd etdiyimiz kimi, bahalaşan məhsullar arasında yumurtanın da adı çəkilir.
Maraqlıdır, yumurtanın qiymətinin bahalaşması Rusiyaya ixracla bağlıdırmı?
“2024-cu ildə inflyasiyanın bir qədər səngiyəcəyi proqnozlaşdırıldığı halda, çoxlu sayda məhsulun bahalaşması suala səbəb olur”
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2024-cu ildə inflyasiyanın bir qədər səngiyəcəyi proqnozlaşdırıldığı halda çoxlu sayda məhsulun bahalaşması suala səbəb olur: “Hökumətin ilin sonunda verdiyi proqnozla Statistika Komitəsinin açıqladığı rəqəmlər arasında ziddiyət var”.
Həmsöhbətimiz hesab edir ki, yumurtanın satış qiymətinin qalxması Rusiyaya ixracatla bağlıdır. Ancaq məhsul ixrac edən sahibkar öz işini elə qurmalıdır ki, daxili tələbatda problemə səbəb olmasın. Bu tək sahibkarın deyil, hökumətin də işidir: “Hökumət hesablamalıdır ki, bu gün Azərbaycanda yumurta istehsalının potensialı nə qədərdir. Eyni zamanda, yerli tələbata ehtiyacın hansı səviyyədə olduğu müəyyən edilməlidir. Daxili bazar tənzimlənməlidir. Bu problem həll olunmazsa hökumət yerli məhsulların ixracatından bir qədər çəkinməlidir. Bəli, bu gün Azərbaycan məhsulu xaricdə də tanınmalıdır. Azərbaycan sahibkarı dünya bazarına çıxmalıdır. Ancaq onun birinci vəzifəsi yerli tələbatı ödəməkdir. Yerli tələbat tam ödənilərsə məhsul xaricə ixrac oluna bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar dünya bazarında düyünün satış qiyməti yüksəlib. Bunun da müxtəlif səbəbi var. Yağ məhsullarında isə ucuzlaşma müşahidə edilə bilər. Çünki dünyada kərə və bitki yağları ucuzlaşmaqda davam edir: “Onu da deyim ki, dünya bazarında buğda məhsullarının satış qiyməti son bir il ərzində ucuzlaşıb. Ucuzlaşma tendensiyası davam edir. Əslində dünyada bu sahədə qeydə alınan ucuzlaşma ölkəmizdə də çörək və digər un məhsullarına təsir etməlidir. Ancaq bu sahənin monopiliyada olması onu deməyə əsas verir ki, il ərzində çörəyin qiyməti dəyişməyə bilər”.
Günel CƏLİLOVA