Yurdlarına qayıdan köçkünlər pay torpağı alacaqmı?..
Vüqar Bayramov: “Aqrar təsərrüfatın inkişafı üçün kənd təsərrüfatı ilə məşğul olanlara pay torpağı veriləcək”
Işğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının bərpası və inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Hazırda Qarabağa Böyük Qayıdış prosesinin davam etməsi fonunda doğma yurdlarına köçürülən vətəndaşlara pay torpaqlarının verilib-verilməyəcəyi müzakirələrə səbəb olub.
Maraqlıdır, işğaldan azad olunmuş ərazilərdə əkinçiliyin inkişafı üçün vətəndaşlara pay torpaqları verilə bilərmi?
“Həmin ərazilərdə məskunlaşan vətəndaşlar torpaqla təmin olunacaq, torpaqla təmin olunan şəxslərin əkinçiliklə məşğul olma imkanı olacaq, bu tip islahatların aparılma qaydası xüsusi dəqiqliklə hazırlanmalıdır”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə torpaq islahatı ilə bağlı müzakirələr davam edir: “Təbii ki, həmin ərazilərdə məskunlaşan vətəndaşlar torpaqla təmin olunacaq. Torpaqla təmin olunan şəxslərin əkinçiliklə məşğul olma imkanı olacaq. Bu tip islahatların aparılma qaydası xüsusi dəqiqliklə hazırlanmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, aqrar təsərrüfatın inkişafı üçün kənd təsərrüfatı ilə məşğul olanlara pay torpağı veriləcək. Bu hal kənd təsərrüfatının inkişafına səbəb olacaq. Həmin ərazilərdə torpaq fondunun genişləndirilməsi hesabına daha çox məhsulların istehsalı həyata keçirilə bilər: “Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur böyük aqrar potensiala malikdir. Bu potensialın genişləndirilməsi, inkişaf etməsi üçün həmin ərazilərdə olan məhsuldar torpaqların daha səmərəli istifadəsi mümkündür. Xatırladım ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qarabağ və Şərqi Zəngəzura qaydacaq keçmiş məcburi köçkünlərin əkin-biçin işlərinin görülməsi ilə bağlı yaradılacaq şəraitlə bağlı məsələyə geniş toxunub. Ölkə başçısı qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə yeni su anbarları və beton kanallar tikilir, müasir yollar ərsəyə gətirilir. Təbii ki, bu yeni infrastruktur öz yurdlarına qayıdacaq keçmiş məcburi köçkünlərin işləyib yaşaması üçün yaradılan şəraitlərdir”.
Günel CƏLİLOVA