Rusiya Ermənistana silah göndərib?...
Rusiya silahlarının partiyası artıq Ermənistandadır. Trend erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan deyib.
Onun sözlərinə görə, bu yaxında Ermənistana çatdırılan silah partiyası Rusiya ilə bundan əvvəl imzalanmış saziş çərçivəsində tədarük olunub.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Milli Yığıncağının müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan Ermənistanın ictimai televiziyasının efirində Ermənistanın Rusiyadan silah alıb-almaması ilə bağlı suala "müəyyən dərəcədə bəli" cavabını verib.
"Onlar nə isə verirlər, lakin bu, imzaladığımız sazişin həcmi baxımından gözlədiyimiz həcmlərdə deyil. İnanıram ki, proses zamanı məsələlər tənzimlənəcək", - o deyib.
Ermənistanın Müdafiə Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan hökuməti, o cümlədən baş nazir Nikol Paşinyan Rusiya tərəfinə silahlara görə "yüz milyonlarla ödəniş olunmasına" baxmayaraq Rusiyanın silahları Ermənistana çatdırmadığından şikayətlənib.