"Seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayırıq" - Əhməd İsmayılov
Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlərin 7 fevral prezident seçkilərində fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə maarifləndirici tədbirlər həyata keçirir. Mərkəzi Seçki Komissiyası (MSK) ilə koordinasiya edilən və silsilə xarakterli olan bu tədbirlər davam etdiriləcək.
Trend xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.
Əhməd İsmayılov qeyd edib ki, agentlik artıq media-seçki mövzusu üzrə bir sıra tədbirlər keçirib: “MSK, MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına dair müşavirə keçirilib. Həmçinin, “Prezident seçkilərində medianın rolu və vəzifələri” mövzusunda praktiki seminar təşkil edilib. İştirakçılara seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, seçkiqabağı təşviqat mərhələsində və səsvermə günündə peşə fəaliyyətini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət edilməsi barədə ətraflı məlumat verilib”.
MEDİA-nın İcraçı direktoru əlavə edib ki, agentlik seçkilərin mediada işıqlandırılması prosesi üzrə fasiləsiz monitorinqlər aparır: “Media haqqında” Qanuna görə, media subyektlərinin seçkiqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Seçki Məcəlləsi ilə tənzimlənir. Növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media subyektlərinin siyahısı MSK tərəfindən təsdiqlənərək qurumun rəsmi saytında yerləşdirilib. MEDİA seçki prosesini işıqlandıran media nümayəndələri ilə interaktiv əlaqə saxlayır, onların suallarını operativ qaydada cavablandırır”.