Qırmızı dənizdə gərginlik pik həddə - husilər ABŞ gəmisini vurdu...
İsrailin Qəzzada keçirdiyi əməliyyatlara cavab olaraq Yəməndəki husilər Ədən körfəzindən keçən İsrail ticarət gəmilərini hədəfə alır. ABŞ və Böyük Britaniya isə bir neçə gün əvvəl İranın dəstəklədiyi husilərə qarşı birgə əməliyyat keçirib və Yəmənin paytaxtı Sənanı ağır bombardman edib. Qərb dövlətlərinin hücumu ilə Qırmızı dənizdə gərginlik yenidən yüksəlib.
İranın dəstəklədiyi husilər ABŞ və Böyük Britaniyanın hava zərbələrinə baxmayaraq Qırmızı dənizdə gəmilərə hücumlarını davam etdirirlər. Son olaraq husilər Yəmən sahillərində ABŞ-a aid ticarət gəmisini vurub. Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) gəminin Ədən şəhəri yaxınlığında raketlə vurulduğunu açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-ın "Gibraltar Eagle" konteyner gəmisini vurduğunu açıqlayıb: "İranın dəstəklədiyi husi yaraqlıları Yəməndə nəzarət etdikləri bölgədən anti-ballistik raket atıblar. Raketlə Marşal adaları bayraqlı ABŞ tərəfindən işlədilən və ABŞ-a məxsus "Gibraltar Eagle" konteyner gəmisi vurulub”
Açıqlamada xəsarət alan olmadığı və gəmiyə ciddi ziyan dəymədiyi, yoluna davam etdiyi bildirilib. Günün əvvəlində ABŞ qüvvələrinin Qırmızı dənizə doğru atılan ballistik raketi təsbit etdiyi, sözügedən raketin uğursuzluqla nəticələnərək Yəmən ərazisinə düşdüyü, xəsarət alan və dağıntının olmadığı bildirilib.
Reuters agentliyi ABŞ gəmisinin raketlə hədəfə alınmasından dərhal sonra Yəmənin Hudeyda Beynəlxalq Hava Limanı yaxınlığında partlayış səsinin eşidildiyini bildirib.
Husilərin yüksək rütbəli lideri Əli əl-Qahum isə İranın dövlət xəbər agentliyi İRNA-ya verdiyi müsahibədə Yəmənin ABŞ qüvvələri üçün “məzara” çevriləcəyini deyib.
TAHİR