Örnək olası ömür
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində A.Məhərrəmov adına 7 saylı orta məktəbinin və mərkəzin birgə təşkilatçılığı sayəsində Mirxəyal Kərimzadənin anadan olmasının 25 illiyi qeyd edilib.
"Şəhidlər ölməz" başlığı altında keçən mərasim tədbirində şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbin müəllim və şagirdləri, rəsmilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində şəhidin şəxsi əşyalardan, müxtəlif illərdə çəkilən fotolardan ibarət sərgiyə baxış olub. Rəsmi hissi Vətənə canını fəda edən qəhrəman oğulların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə, həmçinin şəhid M.Kərimzadənin döyüş yolundan danışan video-çarx nümayiş edilib. Natiqlər öz çıxışlarında isə 44 günlük haqq savaşımızda Vətən şəhidlərin göstərdiyi qəhrəmanlıqdan danışıb, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız məğrur, qüdrətli xalq kimi tanıdığını deyiblər. Onu da bildiriblər ki, öz qanları bahasına bizə 30 ildən sonra zəfər sevincini yaşadan Mirxəyal kimi igidlərin şanlı döyüş yolu gənclərə örnək olacaq, əbədi millətin qəlbində yaşayacaq.
Şəhidin atası Valeh Kərimov və anası Elnarə Kərimova dövlətin şəhid adlarının əbədi yaşaması istiqamətində atdığı addımlardan, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlığın bildirdilər. 7 saylı tam orta məktəbin şagirdlərinin ifasında səslənən ədəbi-bədii kompozisiya tədbirə qəhrəmanlıq, Vətənə sevgi ovqatı qatıb.
Ölməz şəhidimiz Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü qoşulub. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilib. Füzuli əməliyyatında və Xocavənd rayonunun, ələlxüsus Yuxarı Veysəlli kəndinin düşmən işğalından azadlığı uğrunda xüsusi igidlik və şücaət göstərib. Noyabrın 3-ü səhər saatlarında Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. Yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım edib. Zirehli üst geyimini çıxardaraq yaralı komandirinin üstünə atıb və onu ölümün pəncəsindən qurtara bilib. Özü isə yenidən döyüşə qayıtmış, az sonra qarın boşluğuna dəyən güllə nəticəsində şəhid olub. İgid döyüşçü ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətə görə”, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallara layiq görülüb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü