Naxçıvanda hələ də təsadüfi adamlar irəli çəkilir - 5 aylıq təyinatın məsulu kimdir...
Akif Nəsirli: “Təəssüf ki, indiyə qədər yuxarılara təqim edilən uğursuz kadrlara görə heç kəs məsuliyyəti öz üzərinə götürmür”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimovun sərəncamı ilə Ramin Ramiz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
TNS İnformasiya Agentliyinin yaydığı məlumata görə, R.Məmmədov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunub və işdə buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
Xatırladaq ki, 6 ay bundan əvvəl yüksək vəzifəyə təyin olunan və hazırda vəzifəsindən uzaqlaşdırılan Ramin Məmmədov uzun illər Ali Məclisin sabiq sədri Vasif Talıbovun köməkçisi vəzifəsində çalışan, hazırda da Ali Məclisin sədr müavininin köməkçi vəzifəsində fəaliyyət göstərən Ramiz Məmmədovun oğludur.
Cəmi 6 ay əvvəl vəzifəyə qoyulmuş kadrın özünü doğrultmamasının səbəbi nədir? Elə adamları necə olur ki yuxarılara təqdim edə bilirlər? Vəzifəyə gəlir, amma etimadı doğrultmur. Belə işlərin məsuliyyətini kim daşımalıdır? Naxçıvanda kadr təyinatında bu himayədarlıqların, proteksionizmin əl - ayağı nə vaxt yığışdırılacaq? Nə zamana qədər kadrlar proteksiya ilə təyin olunacaq ki, sonu da belə fəlakətli, xoşagəlməz olsun?
“Bütün hallarda onu və onun kimilərini himayə edənlərin məsuliyyəti çoxdur”
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə “Təəssüf ki, indiyə qədər yuxarılara təqim edilən uğursuz kadrlara görə heç kəs məsuliyyəti öz üzərinə götürmür. Kadrların vəzifəyə təyinatında mövcu dolan bu məsələ neopotizmin yayılması ilə bağlıdr. Neopotizm nədir? Təyin edilən kadrın qabiliyyəti əsas meyar sayılmır, onun qohumluq, kimlərləsə yaxınlıq əlaqələri, hansı bölgədən, hansı sülalədən olması nəzərə alınır. Vəzifədən çıxarılan Ramin Məmmədovun da avtobioqrafiyasından görünür ki, bu adam 6 ay bundan əvvəl o vəzifəyə atasına görə təyin edilib. Yəni vəzifədən azad olunmağının səbəbləri də onu göstərir ki, bu adam vəzifədə təsadüfi olub. Ramiz Məmmədovun oğlu olduğuna görə xüsusi tapşırıqla, göstərişlə layiq olmadığı vəzifəyə təyin edilib, amma işi bacarmayıb, etimadı doğrultmadığına görə də azad edilib. Xüsusi himayədarlıqla vəzifəyə təyin edilənlərin heç biri özünü doğrultmur. Onun bu vəzifəyə 6 ay əvvəl necə təyin edildiyi məlumdur. Bütün hallarda onu və onun kimilərini himayə edənlərin məsuliyyəti çoxdur. Amma hesab edirəm ki, gec-tez Naxçıvanda bu cür uğursuz kadr təyinatlarının qarşısının alınması baş verəcək. Hələ ki, müəyyən adamlar köhnə əlaqələrdən istifadə edib nələrsə edə bilir. Fikrimcə, növbədənkənar Prezident seçkilərindən sonra bu cür neqativ hallara qarşı kəsin mübarizə aparılacaq. Orada öz yerində olmayan kadrlar az deyil. Uğusuz, şəriştəsiz kadr dövlətin özünə ağır ziyanlar vurur. Qohumluq əlaqələrinə görə vəzifələrə irəli çəkilənlərin vəzifə ömürlərinə elə də çox qalmadığını düşünürürəm”.
A.Nəsirli qeyd etdi ki, ümumiyyətlə, Azərbaycanda kadr təyinatında həm ixtisas, həm də həmin şəxsin qabiliyyəti nəzərə alınmalıdır. O hesab edir ki, ən yaxşı varinat kadrların iarxik şəkildə inkişaf etdirilməsdir, onlar vəzifəyə pillə-pillə ucalmalıdır. “Azərbaycanın bəzi qurumlarında artıq bu sistem formalaşır, işçi işləyir, müəyyən bir təcrübə qazanır, özündə qabiliyyət formalaşdırır, bildiklərini tətbi edir, bilmədiklərini öyrənir, performans nümayiş etdirir və layqi olduğu yüksək vəzifələrə çəkilirlər. Bəzi qurumlarda artıq bu təcrübə var və kadrlar yetişdirirlər. Bu təcrübələrin bütün sistemlərdə, bütün vəzifə pillələrində tətbiq edilməsi vacibdir. Bütün idarəetmə orqanlarında peşəkar kadrların öz yerlərini tutması himayədarlıqla vəzifə kürsüləri zəbt edənləri sıradan çıxaracaq”-deyə A.Nəsirli əlavə etdi.
Leyla QARAXANLI