Banklar əmanətin də, kreditin də faizini qaldırır - camaata nə faydası?..
Əkrəm Həsənov: “Əmanətlər üzrə faizlərin artması kredit üzrə faizin artmasına şərait yaradır”
Son günlər banklar tərəfindən kredit faizlərinin yenidən artırılacağı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, banklar tərəfindən əmanətlər üçün depozit faizlərinin artırılması nəzərdə tutulur.
Bu addımın kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacağı bildirilir.
Maraqlıdır, kredit faizləri arta bilərmi?
“Kredit üzrə faizlərin artması baş verməyəcək, çünki ölkənin iri banklarında izafi likvidlik var”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əmanətlər üzrə faizlərin artması kredit üzrə faizin artmasına şərait yaradır: “Məlumdur ki, əmanət üzrə faiz qalxanda bank daha çox faiz ödəməlidir. Ancaq hesab edirəm ki, kredit üzrə faizlərin artması baş verməyəcək. Çünki ölkənin iri banklarında izafi likvidlik var. Yəni o bankların xeyli vəsaiti var. Bu səbəbdən də həmin banklar kredit faizini qaldıra bilməyəcək. Depozit faizi artdıqca, vətəndaşlar banka üz tuturlar. Bu gün ölkədə vəziyyət belədir ki, vətəndaşlar inflyasiyanın səviyyəsinə uyğun olaraq ya topladığı vəsaitləri “yastığın altında”, ya da bankda saxlayırlar.
Kiçik banklar da böyük banklarla rəqabət apardığı üçün kredit faizini olduğu kimi saxlamaq məcburiyyətində qalacaq. Danılmaz faktdır ki, kiçik və orta ölçülü bankların pulu yetərincə deyil. Əslində, həmin bankların depozitlərə ehtiyacı daha çoxdur. Təbii ki, bu banklar əmanət faizini qaldırarsa insanlar bura depozit yatırmaqda maraqlı olacaq. Ancaq kredit faizini qaldıra bilməyəcəklər. Çünki vətəndaş görəcək ki, başqa bir bank daha aşağı faizlə kredit verir . Bu halda banklar kredit verməkdə maraqlı olmayacaq. Onu da deyim ki, sosial şəbəkələrdə kredit faizlərinin artırılması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Düşünmürəm ki, hansısa bank vətəndaşdan verdiyi kredit müqabilində 2 faiz, 3 faiz və ya 4 faiz artıq pul alsın”.
Günel CƏLİLOVA