Azərbaycanı Misir, Tunislə bir tutmaq? - İşdə düşmən barmağı var...`
Ceyhun Aşurov: “Regionlarda müharibə, iqtisadi, təbii böhranlar təhlükəsi yaşansa da, bu heç bir halda turizmin qarşısını ala bilməz”
Məlum olduğu kimi, , "A3M" beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risq Xəritəsi” yayımlayıb. "Çox yüksək risq”, “yüksək risq”, “artan risq”, “kiçik risq” və “çox aşağı risqli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risq xəritəsində Azərbaycan “artan risq” ölkələri arasında göstərilib.
Bu kateqoriyaya, Türkiyə də daxil olmaqla, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi bir çox ölkələr daxil edilib.
Azərbaycanın yerləşdiyi kateqoriyaya aid ölkələr üçün “Səyahətçilər artan risqlərlə üzləşirlər, lakin ölkəyə/regiona səyahət edərkən əlavə tədbir görməyə ehtiyac yoxdur. Geniş yayılmış zorakı cinayətlər səbəbindən təhlükəsizlik vəziyyəti gərgin ola bilər və/və ya əhəmiyyətli sağlamlıq risqləri, təbii təhlükələr və ya digər xüsusi risqlər ola bilər. Uzunmüddətli, şiddətli etirazlar mümkündür.
"Səyahətçilər daha çox diqqətli olmalı və təyinatla bağlı risqlər və tövsiyələr haqqında öyrənmək üçün yola düşməzdən əvvəl ölkə məlumat bazasına (vəziyyət hesabatları və təlimatlar təqdim edən) müraciət etməlidirlər", deyə qeyd olunur.
Maraqlıdır, Azərbaycan turistlər üçün "artan risq" qrupuna niyə düşüb?
“Zaman-zaman Bakıya gələn nümayəndələrin narahatlığına səbəb ola biləcək, yaxud sağlamlığına təhlükə törədəcək heç bir təxribat, eləcə də terror hadisəsi olmayıb”
Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın müstəqilliyi dövründə hər dəfə, xüsusən də beynəlxalq aləmdə hər hansı uğur qazandıqda ölkəmizə düşmən münasibəti bəsləyən qüvvələr dərhal hərəkətə keçir: “Əksər beynəlxalq təşkilatlar Azərbaycandakı inkişafı etiraf edir, Azərbaycanı tolerant ölkə, mədəniyyət mərkəzi kimi tanıyır. Respublikamızda keçirilən mədəniyyətlərarası və humanitar forumlara, beynəlxalq müsabiqələrə bir çox ölkələrdən iştirakçılar, dövlət və din xadimləri, mədəniyyət nümayəndələri gəlirlər, onlar Azərbaycanı inkişaf etmiş, demokratik, azad, müstəqil, tolerant, bəşəri mədəniyyətin mərkəzi olan bir ölkə kimi görürlər. Lakin nədənsə, gözlərinə anti-Azərbaycan eynəyi taxmış və ermənipərəst qüvvələrin təsiri altında rəy verənlər qeyri-obyektiv yanaşma sərgiləyir. Xüsusən də, Azərbaycanın əldə etdiyi Zəfərdən sonra bəzi qurumlar ikili standartlarını daha da genişləndirərək, ölkəmiz ilə bağlı qərəzli, həqiqətə uyğun olmayan saxta hesabatlar hazırlayır, təqdim edirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan məhz stabilliyin yüksək olduğu, eləcə də cinayətlərin sayının az olduğu ölkələrdəndir: “Azərbaycanın turizm sektoru günü-gündən inkişaf edir. Qarabağ da kifayət qədər turizm potensialı olan bölgələrimizdən biridir. Qarabağ hazırda bərpa olunur, yenidən qurulur. Ölkəmizə gələn turistlər xoş təəssüratla ayrılır. Bu haqda xarici mediada dəfələrlə məlumat yayılıb. Hətta əcnəbi turistlər öz sosial media hesablarında Azərbaycanla bağlı xoş düşüncələrini qeyd edir. Bu kimi faktlar sübut edir ki, Azərbaycan turistlər üçün “artan risk” qrupuna daxil deyil. Əslində, “artan risk” qrupuna daxil olan ölkələrdə müharibə yaşanır, cinayətkarlıq baş alıb gedir, ölkədə əmin-amanlıq deyə bir şey yoxdur. Ancaq sevindirici haldır ki, bizim ölkəmiz sakit, sülhsevərdir. Zaman-zaman Bakıya gələn nümayəndələrin narahatlığına səbəb ola biləcək, yaxud sağlamlığına təhlükə törədəcək heç bir təxribat, eləcə də terror hadisəsi olmayıb. O üzdən onların siyahısı təxribat xarekterlidir”.
Turizm eksperti Ceyhun Aşurov bildirdi ki, hazırda dünyada bir çox coğrafiyalarda müharibələr gedir, təhdidlər var. Bunlar açıq problemlərdir, yəni bütün dünyaya bəllidir: “2023-cü ilin yekunlarına görə, dünyada turizm bazarının təxminən 90 faizi bərpa olunub və 2024-cü il əslində turizmin tam bərpa ili olmalıdır. Hətta gözlənilir ki, bununla bağlı göstəricilər 2019-cu ili də üstələmiş olsun. Risqlər hər zaman ola bilər. Regionlarda müharibə, iqtisadi, təbii böhranlar təhlükəsi yaşansa da, bu heç bir halda turizmin qarşısını ala bilməz və insanlar öz səyahətlərini ediblər, edəcəklər də. Hətta səyahətçilər gedəcəkləri yerdə risq yarandıqda marşrutlarını dəyişirlər”.
Günel CƏLİLOVA