Paşinyan üçtərəfli 10 noyabr 2020-ci il sənədindən çıxdı...
Tofiq Abbasov: “Üçtərəfli bəyanatın tələblərindən qaçmaqla Ermənistan yalnız özünə zərbə vurur”
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Bakının son bəyanatlarını sülh prosesinə ciddi zərbə hesab edir:
“Azərbaycan razılaşmalara zidd olaraq Ermənistan Respublikasına qarşı ərazi iddiaları irəli sürməyə çalışır ki, bu da qətiyyən qəbuledilməzdir”.
O, Azərbaycanın “Zəngəzur dəhlizi” ilə bağlı tələblərinə və guya Azərbaycanın “dəhliz məntiqi” formalaşdırmaq cəhdlərinə də toxunub:
“Ermənistan ərazisi ilə bağlı da “dəhliz məntiqi” formalaşdırmağa cəhd edilir, üstəlik, “bir dəqiqə, bunlar Ermənistanın ərazi bütövlüyü və suverenliyinə iddialardır” deyəndə deyirlər ki, bu, beynəlxalq çıxışdır. Şimal-Cənub dəhlizi var və s. Bu şifahi oyunlardan çıxmaq üçün deyirik ki, İranın Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında əlaqəni təmin etdiyi eyni şərtlərdə biz bu əlaqəni hər ikisi tərəfindən təmin etməyə hazırıq”.
Paşinyanın sözlərinə görə, Azərbaycan “dəhliz məntiqi”ni formalaşdırarkən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata da istinad edir:
“Amma əslində bu üçtərəfli bəyanatın imzalandığı andan 2023-cü ilin sentyabrına qədər hər iki tərəf göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Üçtərəfli bəyannamənin iki tərəfi üçün bu sənəd artıq mövcud ola bilməz, amma üçüncü tərəf üçün bu sənəd mövcud olmaqda davam edir".
Faktiki olaraq, Paşinyan üçtərəfli bəyanatdan imtina etdiyini açıq bəyan edir. Onun bu açıqlaması 10 noyabr sənədinin gələcək taleyi üçün nə vəd edir?
Siyasi şərhçi Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyanın yaratdığı reallıqlar qaranlığa aparan bir yoldur: “Çünki Paşinyan və onun hökuməti, ona qədər olan digər rəhbərlər adekvat tərzdə reallıqlara, olan hadisələrə reaksiya verə bilmirlər. Onlar yanlış yoldadırlar, bütün qaydalara, mənəvi dəyərlərə zidd gedirlər, yenə də çalışırlar özlərini təmizə çıxarsınlar, bildirirlər ki, guya bütün problemlərin səbəbkarı Azərbaycandır. Ancaq bütün sağlam qüvvələr bilir ki, Ermənistan bu yolla yalnız öz vəziyyətini ağırlaşdırır. Çünki Azərbaycan dövləti işğal dövründə də səbrlə davrandı, öz torpaqlarını azad etdi. İndi də tələsməməliyik. Çünki Ermənistan öz kisəsindən yeyir. Müasir dönəmdə çox ziddiyətli proseslər gedir. Dünyada hələ də iqtisadi zəmində böhran azalmayıb, daha da dərinləşir. Bunun da səbəbləri var. Bütün proseslərdə hər on beş ildən bir böhranlar meydana gəlir. Ancaq hər dövlət, hər xalq, hər toplum öz səviyyəsində çalışır ki, antiböhran tədbirlərini həyata keçirsin. Ermənistanın iqtisadiyyatı özünəməxsus deyil, Rusiya biznesinin əlindədir. Ermənistan isə özünü elə aparır ki, sanki böyük bir üstünlüyü var. Bu belə deyil. Ermənistan sülh prosesini ləngitməklə özünü tələyə salmış olur. Üçtərəfli bəyanat özünəməxsus bir yol xəritəsi idi. Onun ip uclarından tutub üç ölkə, əsas da biz və Ermənistan addımlarımızı atmalı idik. Bizim artıq magistralımız müəyyən olub. Onlarınkı isə yoxdur. Heç bir addım atmayıblar. Onların bu saymazlığının, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin səbəbi ondan ibarətdir ki, bu ölkənin ixtiyarı öz əlində deyil. Hətta Paşinyan manevr etmək istəsə də, üçtərəfli bəyanatın bütün tələblərini yerinə yetirmək istəsə də, fransızlar, amerikanlılar, üçüncü qüvvələr, Avropa İttifaqının bəzi dairələri, diaspor təşkilatları və kilsə ona imkan vermir. Onlar indi revanş ideyasının təsiri altına düşməklə çalışırlar vaxt udsunlar. Silah - sürsat alandan sonra Azərbaycanla güc dili ilə danışmaq istəyirlər. Bu da çox böyük strateji yanlışlıqdır. Ancaq Ermənistan bundan sonra heç vaxt fiziki cəhətdən Azərbaycana üstün gələ bilməyəcək. 90-ların əvvəlində də onlar Rusiyanın dəstəyini qazandıqlarına görə bizi sıxışdırdılar. Nizami ordumuz olmasa da, bizim uşaqlar çox yaxşı döyüşürdülər. Ancaq indi biz qalib gəldikdən sonra Ermənistanın heç bir şansı yoxdur ki, bizə nəsə təlqin etsin, nəsə sırısın. Odur ki, üçtərəfli bəyanatın tələblərindən qaçmaqla Ermənistan yalnız özünə zərbə vurur. Biz onsuz da 4 -cü bəndin də, 9 - cu bəndin də tələblərinin həlli yolunu tapmışıq. Bizim dövlət rəhbərliyimiz bütün məsələlərin hamısını aydın şəkildə cəmiyyətə təlqin edir. Ermənistan öz bildiyini etsə də, heç nə əldə edə bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ