Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyası müzakirələrinin təfərrüatını açıqladı
Azərbaycan-Ermənistan delimitasiyası komissiyasının növbəti iclası yanvar ayının sonunda keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri müavini Mqer Qriqoryan deyib.
"İlkin razılaşdırmalara görə, görüşdə əvvəlcə komissiyanın birgə fəaliyyəti haqqında müddəalar layihəsi müzakirə olunub. Burada birgə fəaliyyətdə istifadə üçün hüquqi əhəmiyyətə malik sənəd və hüquqi aktların növləri və tipləri dəqiq müəyyən edilməli, səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və dərc olunmuş SSRİ dövrünün son topoqrafik xəritələri və digər müvafiq məsələlər müəyyənləşdirilməlidir", - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 30-da Qazax-İcəvan sərhəddində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.
Dekabrın 14-də isə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiq edilib.