Türkiyədən terror dəstəkçilərinə açıq mesaj - Suriyada ABŞ və Rusiyanın nəzarətindəki neft obyektləri bombalandı…
İraqın şimalında 9 türk əsgərinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələri Suriyadakı terror hədəfləri də daxil olmaqla, bölgədə ardıcıl hava əməliyyatları həyata keçirib. Qurudan haubitsa atəşi ilə dəstəklənən əməliyyatlarda terror yuvaları məhv edilib. Bombardman edilən terrorçuların hədəflərindən biri də Amerika və Rusiya konvoylarının patrul keşiyi çəkdiyi terror ocağı olan Hasake bölgəsində neft-qaz obyektləri olub.
Hava əməliyyatları zamanı Hasakenin şimalındakı Suveyda qaz yatağına 3 dəfə, Əl Qəhtaniyyədəki neft obyektlərinə isə 5 dəfə zərbə endirilib. Bir çox obyekt yararsız vəziyyətə salınıb. Bölgənin bir hissəsinə Rusiyanın dəstəklədiyi Dəməşq rejimi, bir hissəsinə isə ABŞ-ın dəstəklədiyi YPG terrorçuları nəzarət edir.
Türkiyədən cəmi 6 kilometr aralıda yerləşən Əl-Qəhtaniyyədə terroru maliyyələşdirən ABŞ və Rusiyaya məxsus çoxlu neft obyektləri və qaz yataqları var.
Türkiyə Silahlı Qüvvələrinin bölgədəki obyektlərə zərbə endirməsi diqqəti növbəti dəfə terror təşkilatlarını gücləndirən qüvvələrə yönəldib. Çünki 2014-cü ildən Suriyaya əsgər göndərən ABŞ terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə açıq dəstək verir, terrorçulara həm təlim keçir, həm də silahlandırır. Bununla kifayətlənməyən Amerika ordusu bölgədə terrorçularla birlikdə patrul keşiyi də çəkir.
Ekspertlərə görə, Türkiyə bölgədəki fəaliyyətləri yaxından izləyir və terrorçuları dəstəkləyən ABŞ-a da mesaj verir. ABŞ və Rusiyanın nəzarətində olan bölgədəki neft obyektlərinə son hava əməliyyatları da bunun əlaməti kimi şərh olunur.
Tahir TAĞIYEV